“Bizim əsas vəzifələrimizdən biri vətəndaşları işlə təmin etməkdir və buna nail oluruq”

Unikal.org xəbər verir ki, bunu Prezident İlham Əliyev pambıqçılıq mövsümünün yekunları və 2020-ci ildə görüləcək tədbirlər ilə bağlı müşavirədə giriş nitqində deyib.

Ölkə başçısı aparılan sosial islahatlardan da söz açıb: “Müavinətlər artırıldı - bəzi müavinətlər 50 faiz, bəzi müavinətlər 2 dəfə artırıldı. Minimum əməkhaqqı 2 dəfə, minimum pensiya 70 faizdən çox artırıldı. Minimum pensiyanın alıcılıq qabiliyyətinə görə bu gün Azərbaycan MDB məkanında birinci yerdədir. Bu, statistikadır. Əlbəttə, mən bunu demişəm, bir daha demək istəyirəm, çox istəyirəm ki, maaşlar və pensiyalar daha sürətlə artsın. Ancaq buna nail olmaq üçün gərək bizim iqtisadi imkanlarımız da genişlənsin. İqtisadi imkanlar, o cümlədən hər bir sahədə işin səmərəli şəkildə qurulmasından asılıdır. Misal üçün, kənd təsərrüfatının bir çox sahələri var və vaxtilə o qədər də böyük fikir verilməyən sahələr indi dirçəlir. Sənaye istehsalı sahəsində. Bu il qeyri-neft sənayemiz 14 faiz artıbdır. Şəffaflıq sayəsində bu il büdcəyə vergi və gömrük orqanları tərəfindən plandan əlavə 1 milyard manat vəsait daxil olub. Ona görə bütün bu tədbirlər, islahatlar imkan verdi ki, biz bu böyük paketi həll edək. Bu, bir neçə milyard manata başa gəldi. Ancaq biz bunu etməliyik və edirik".