Gömrükçülər narkotik vasitə aşkarlayıblar.

Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Unikal.org-a bildirilib ki, Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunda İrandan piyada yolla gələn Azərbaycan vətəndaşları gömrük nəzarətindən keçən zaman özlərini şübhəli apardıqlarına görə saxlanılıb və şifahi sorğu-sual olunublar. Bu zaman hər iki şəxs üzərlərində gömrük nəzarətindən gizlədilən və gömrük nəzarətinə mütləq bəyan olunmalı hər hansı predmetin, o cümlədən narkotik vasitə, psixotrop maddələrin olmadığını bildiriblər. Daha sonra onların üzərlərində ayrı-ayrılıqda şəxsi yoxlama aparılıb. Yoxlama zamanı vətəndaşların əynindəki şalvarın bel kəməri bağlanan yerin astarının altından ümumilikdə çəkisi 99 qram olan narkotik vasitə - tiryək aşkarlanıb. Daha sonra daxili orqanlarının yoxlanması məqsədilə həkim müayinəsindən keçirilən vətəndaşlardan birinin daxili orqanı - düz bağırsağından sellofana bükülü 3 ədəd bükümdə 199 ədəd “metadon” adlı həb aşkarlanıb.

Xatırladaq ki, metadon “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin II Siyahısı”na daxildir.

Faktla bağlı araşdırma aparılır.