65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsi üzrə Yeni Azərbaycan Partiyasının  deputatlığa namizədi akademik Əhliman Əmiraslanovun təbliğat-təşviqat kampaniyası çərçivəsində Sabirabadın  Zəngənə və Narlıq  kəndlərində seçicilərlə görüşləri keçirilib.

Unikal.org xəbər verir ki, görüşlərdə çıxış edən YAP Sabirabad rayon təşkilatının sədri Məleykə Ağayeva bildirib ki, Əhliman Əmiraslanov sabirabadlılar üçün  doğma insandır: “Əhliman müəllimin Milli Məclisdəki fəaliyyəti ümumilikdə xalqımız və dövlətimiz üçün çox səmərəli olub. Bu mənada inanıram ki, sabirabadlılar bu seçkidə də hörmətli akademikimizi yekdilliklə dəstəkləyəcəklər”.

Görüşlərdə çıxış edən Əhliman Əmiraslanov bildirib ki,  ölkəmizdə bu gün çox böyük iqtisadi və siyasi islahatlar həyata keçirilir: “Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində ölkəmiz  iqtisadi, siyasi, mədəni, sosial və digər sahələrdə çox mühüm nailiyyətlər əldə etmiş, ölkəmizin beynəlxalq mövqeyi daha da möhkəmlənmişdir. Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə ulu öndər Heydər Əliyevin müəyyən etdiyi yolla irəliləyir. Burada əsas məram və niyyət  Azərbaycanda həyata keçirilən siyasətin xalqın sosial rifahını daha da yüksəltməsinə xidmət etməkdir”.

Görüşlərdə çıxış edən çoxsaylı seçicilər akademik Əhliman Əmiraslanova səs verəcəklərini birmənalı şəkildə ifadə ediblər.