“Dünən iki Komitənin üzvləri, o cümlədən Milli Məclis sədrinin birinci müavini hörmətli Əli Hüseynli, digər tərəfdən Daxili İşlər Nazirliyi İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəhbər təmsilçiləri ilə birgə İnsan Milli Koordinatorun illik məlumatı ətrafında çox səmərəli müzakirələr oldu. Biz indi Seyfulla Əzimovun məruzəsində bizə təqdim olunmayan bir neçə mühüm faktların da şahidi olduq və  bunlar müzakirə olunan məsələyə obyektiv qiymət vermək üçün çox əhəmiyyətlidir”.

Unikal.org xəbər verir ki, bunu bu gün Milli Məclisdə İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatının müzakirəsi zamanı parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib.

Komitə sədri deyib ki, bəşəriyyət üçün beynəlxalq terror, qanunsuz silah alveri və narkotik ticarəti kimi təhlükəli  və beynəlmiləl xarakterə malik olan insan alveri cinayətlərinə qarşı mübarizə hər il güclənsə də, sərt məhkəmə hökmləri çıxarılsa da, dünyada və yerləşdiyimiz regionda belə demək mümkünsə, “qara bazar”da insanların əmtəəyə çevrilməsi faktlarının sayı azalmır: “BMT-nin rəsmi məlumatına görə, məcburi əməyə cəlb etmə dünyada birinci yeri tutur. Qurbanların sırasında belə adamların xüsusi çəkisi 59 faiz təşkil edir. İkinci yeri cinsi istismar tutur və belə əməllər əsasən qadın və uşaqlara qarşı yönəlir.  Üçüncüsü, transplantasiya məqsədi ilə risk qrupuna daxil olan aztəminatlı, yaxud problemli ailələrin üzvlərindən donor kimi istifadə edilməsi-burada beynəlxalq şəbəkə leqal biznesdə olduğu kimi brokerlərin, yerli əmək miqrasiyası agentliklərin, vasitəçilərin, həkimlər və medpersonalın, klinikaların administrasiyası və digər qüvvələrin müştərək cinayətkar xidmətlərindən istifadə edir, ona görə də belə kriminal fəaliyyətin aşkara çıxarılması və onlara qarşı effektli mübarizə son dərəcə çətindir. “ İnsan alverinə qarşı” mübarizə haqqında qanunda qeyd olunur ki, insanların istismarı məcburi əmək (xidmət), cinsi istismar, köləlik, insan orqanlarının və toxumalarının qanunsuz çıxarılması, şəxs üzərində qanunsuz biotibbi tədqiqatların aparılması, habelə insanların digər formada istismar edilməsi insan alverinin müxtəlif formaları  hesab edilir. Lakin son illər bir sıra ATƏT ölkələrində “insan alveri”nin hüquqi definitsiyası daha da genişləndirilib. Məsələn, terror məqsədilə məcburi olaraq insanların müxtəlif silahlı qruplara cəlbi, onlardan yaraqlı kimi istifadə olunması da hesabatlarda yer almağa başlayıb. Avropa Şurasına üzv ölkələrdə vəziyyətə QRETA adlı təşkilat nəzarət və monitorinq həyata keçirir. Eləcə də ABŞ Dövlət Departamentinin illik hesabatları bu sahədə əsas indikator olaraq qalır. Hesabata sistemli baxdıqda insan alveri ilə mübarizə üzrə indikatorlarının artması və ya əksinə azalması ilə bağlı bir çox rəqəmlərə aydınlıq gətirmək olur. Məsələn, 2018-ci il üzrə hesabatda yazılıb ki, ASAN nəzdində Əmək Münasibətlərinin Monitorinqi Mərkəzinin  yoxlamalarında  79 tikinti obyektində  946 nəfərin  müqavilə olmadan işləməsi aşkar edilib. Pozuntularla  bağlı  6  təşkilat  barədə  cinayət  işləri  başlanılıb,  35-i  haqqında 527.000  manat  məbləğdə  inzibati  cərimə, 27-si  barədə  468.000  manat vergi sanksiyası tətbiq olunub. 2019-cu illə bağlı hesabatda eyni indikatorla bağlı deyilir ki, monitorinqlərlə 120 tikinti obyektində 351 nəfərin müqaviləsi olmadığı aşkarlanıb. Bununla bağlı  39 təşkilat haqqında ümumilikdə 454.000 manat inzibati cərimə tətbiq edilib. Göründüyü kimi, tikinti sektorunda məcburi əməyə cəlb etmə meyli azalmayıb”.

Z. Oruc nəzərə çatdırıb ki, 2018-ci ilə dair hesabatda 144, 2019-cu il üzrə hesabatda isə 186 insan alveri hadisəsi qeydə alınıb: “İlk baxışda baş verən artımla əlaqədar verilən izahda qeyd olunur ki, açılmış müxtəlif cinayət işlərinin bir ildən digərinə keçməsi belə bir mənzərəni yaradır. İnsan alverinə qarşı mübarizə üzrə QHT koalisiyasına 44 təşkilat daxildir və belə böyük bir şəbəkə ixtisaslı və peşəkar 3 cü sektorla birgə işi tələb edir. İki il əvvəl həmin təşkilatların 53 layihəsinə 412 min manat, 2019-cu ildə 20 layihəyə 209 min manat vəsait ayrılıb. Digər mühüm bir nəticə, sərt cəzalara, ağır məhkəmə hökmlərinə baxmayaraq, ən böyük problemlər-qurbanların ifadə verməkdən çəkinmələri, ictimaiyyətin mühakiməsindən və ömürlük qınaqlardan qorxmaları bu cinayətlə mübarizənin effektivliyinə mənfi təsir göstərir. Ənənələrin dəyişməsi üçün hələ çox işlər görülməlidir”.

Komitə sədri qeyd edib ki, məcburi əməyə cəlb, cinsi istismar, insan orqanlarının transplatasiyası sırasında ilk ikisi xüsusi yer turur: “Onların sırasında qadınlar və uşaqların xüsusi çəkisi son 14 ildə təəssüf ki, yüksək olaraq qalır. Məlumatın sonunda təqdim edilən cədvəldən göründüyü kimi, onlar 92 faiz təşkil edir. Digər tərəfdən, məsuliyyətə cəlb edilənlərin sırasında  da qadınların çəkisi 85 faizə bərabərdir.  Xüsusi vurğulamaq yerinə düşər ki, beynəlxalq reytinqlər sırsında mühüm yer tutan BMT-nin “Ümumdünya İnsan alveri Hesabatı” indiyədək  beş dəfə nəşr edilib. Buraya 142 ölkə üzrə insan alveri məlumatları daxil edilir. BMT-nin 2019-cu il üçün "insan alveri ilə mübarizədə səylərinin koordinasiyasının daha da yaxşılaşdırılması" mövzusunda icmal məruzəsində üzv dövlətlərin fəaliyyəti haqqında məlumat əksini tapıb. BMT-nin üzv dövlətlərə göndərdiyi sorğuya Azərbaycanın cavab vermədiyi göstərilir. Ümidvarıq ki, bu məsələyə Baş İdarə tərəfindən aydınlıq gətiriləcək”.

Millət vəkili Azərbaycanda sayca dördüncü Milli Fəaliyyət Planının hazırlandığını xatırladıb: “Əvvəlki üç Planın yekunları haqda məlumatların ümumiləşdirilməsi yaxşı olardı. Eləcə də onların BMT, Avropa Şurası və digər müvafiq təşkilatlara göndərilməsi vacibdir. Milli Koordinatorun  məruzəsində ABŞ Dövlət Departamentinin 187 ölkə üzrə hazırladığı “İnsan alveri ilə bağlı” 2019-cu il Hesabatına münasibət bildirilməsi də çox vacibdir. Çünki həmin hesabat Azərbaycan hüquq-mühafizə orqanlarının işini çox yanlış və təhrif edilmiş şəkildə təqdim edir. Məsələn, Dövlət Departamenti yerli məhkəmələri də insan alveri qurbanlarına verilən hökmlərin yüngülləşdirilməsini və ya şərti cəzaların alınmasında və qeyri-hökumət təşkilatları (QHT) tərəfindən yaradılan insan alveri qurbanları üçün sığınacaq yerlərinin maliyyələşdirilməməsini iddia edib. Halbuki respublikamız Cənubi Qafqaz regionunda Gürcüstan və və Ermənistanla müqayisədə bu sahədə fəaliyyət göstərən yerli QHT Koalisiyanı maliyyələşdirən yeganə ölkədir. O cümlədən hüquq-mühafizə orqanlarının cinayətkarlara kifayət qədər sərt münasibət göstərmədiyi bildirilir. Misal kimi, qadınlara qarşı istismarı həyata keçirənlərin-təşkilatçı şəxslərin beş ildən on ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılmasını, uşaqlara qarşı oxşar cinayətlər törədildiyi təqdirdə səkkiz ildən on ilədək müddətə azadlıqdan məhrumetmə cəzası verildiyini göstərib. Lakin Baş İdarə faktların yanlış olduğunu dünənki müzakirələrdə bəyan etdi, elə olan təqdirdə həqiqi məlumatlar Departamentin hesabatı hazırlayan heyətinə göndərilə bilər. ABŞ Dövlət Departamentinin hesabatında bəzi vəzifəli şəxslərin pambıq yığımına dövlət sektoru işçilərini cəlb etmələri haqqında məlumatlar yerli mətbuatdakı yazılara əsaslanaraq verilib. Lakin belə faktların məcburi əmək kimi təqdim edilməsinə dair rəsmi mövqe Hesabata alternativ kimi verilməyib. Bütün bunlara görə, Azərbaycan insan alveri ilə mübarizədə ikinci səviyyənin ikinci alt qrupuna endirilib və Ermənistan ikinci səviyyənin 1-ci altqrupundadır. Cari ildən ABŞ Departamentinin Hesabatında insan alverində "mənbə ölkəsi, tranzit və təyinat ölkəsi" kimi ənənəvi terminologiyadan istifadə olunmur. Bu ölkəmizin xeyrinə olmayan məqamdır. Respublikamız coğrafi baxımdan tranzit ölkəsidir və bütün 3 növün ölkəmiz adına yazılması düzgün deyil. Son dövrlərdə Azərbaycana qarşı həyata keçirilən kampaniya çərçivəsində hazırlanan başqa bir hesabatda OSCCRP(Organized Crime and Corruption Reporting Project (OCCRP) təşkilatı yeni məlumatlar əldə edə bilmədiyi üçün 10 il əvvəl baş verdiyi təsdiqini tapmamış  məcburi əmək hallarını yeni məlumatlar kimi təqdim edir. Məsələn, “Serbaz” işinin OSCCRP tərəfindən yenidən gündəmə gətirilib”.

Komitə sədri deyib ki, bütün deyilənləri nəzərə alaraq, insan hüquq və azadlıqların qorunmasında  insan alverinə qarşı mübarizəni həyaya keçirən Milli Koordinatorun işini qənaətbəxş saymaqla bərabər, GRETA tərəfindən irəli sürülən tövsiyələrin icrasını mümkün və real hesab edirik: ”34 indikator üzrə dövri dəyərləndirmədəki tövsiyələrin təhlili göstərir ki, 2021-ci il üçün reytinqdə mövqelərin  dəyişdirilməsi imkanları böyükdür. Məsələn, İnsan alveri ilə bağlı statistik baza təşkil etmək, qurbanların identifikasiyası/kimliyini müəyyən etmək, yaş göstəriciləri və qanuni qəyyumu da daxil olmaqla uşaq alveri qurbanlarını qiymətləndirmək, hüquqi dəstək  və pulsuz hüquqi yardım və cinayətkardan kompensasiya alınması və sair yerinə yetirilməsi vacib tədbirlərdir. Eləcə də Baş İdarə cəmiyyətin daimi dəstəyini qazanmaq üçün müasir kommunikasiya vasitələri sırasında mühüm yer tutan sosial şəbəkələrdə xüsusi hesabının açılması, maariflənmə tədbirlərinin gücləndirilməsi, internet saytında statistika və hesabatlar bölümünün zənginləşməsi, bu sahədə effektivliyi artırmağa kömək edəcək. Beynəlxalq terrorla mübarizədə olduğu kimi, dövlətimiz, eləcə də hamının birgə səyi və Daxili  İşlər orqanları ilə formalaşan işgüzar əməkdaşlıq sayəsində müasir köləliyə qarşı effektli mübarizə aparmaq mümkün olacaq”.