Ukraynanın İnfrastruktur naziri Vladislav Krikliy və Gürcüstanın İqtisadiyyat və davamlı inkişaf naziri Natela Turnava iki ölkə arasında müntəzəm sərnişin reyslərinin bərpa olunmasını müzakirə ediblər.

Unikal.org  “RİA Novosti”yə istinadla xəbər verir ki, nazirlər arasında videobağlantı formatında görüş keçirilib.

Tərəflər iki ölkə arasında müntəzəm sərnişin reyslərinin bərpası, habelə infrastruktur və nəqliyyat sahəsində digər istiqamətlər üzrə əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıblar.

Gürcü nazir ölkəsinin iyulun 1-dən beynəlxalq uçuşlar üçün sərhədləri açmağa hazır olduğunu deyib. Krikliy isə öz növbəsində, Ukraynanın da sərnişin axını üçün sərhədlərin açılmasında maraqlı olduğunu dilə gətirib.

Üstəlik, Ukrayna aviaşirkətləri artıq Gürcüstan tərəfinə uçuşları bərpa etməyə hazır olduqları barədə müraciət ediblər.

Daha əvvəl Ukraynanın baş sanitar həkimi Viktor Lyaşko ölkədə koronavirusla əlaqəli vəziyyətin pisləşməyəcəyi təqdirdə, 15 iyun tarixində Avropa İttifaqı ölkələri ilə uçuşların bərpa edilə biləcəyini söyləyib.