Putin Azərbaycandan yan keçir
Putin Azərbaycandan yan keçir

Danışıqlarda fasilə uzanacaq

Rusiya prezidenti Vladimir Putinin ilin sonuna kimi edəcəyi xarici səfərlərin rəsmi siyahısı açıqlanıb. Məlumata görə, səhhəti ilə əlaqədar iki aydır rəsmi dövlət səfərlərinə getməyən Putin cari ilin sonunadək Türkiyə, Türkmənistan, Tacikistan, Belçika olmaqla bir çox ölkələrə gedəcək.

Belə ki, xəbər verildiyi kimi, Putinin Türkiyə səfəri təxirə salınsa da artıq onun dekabrın 3-də İstanbulda olacağı haqda rəsmi açıqlama verilib. İstanbul səfəri zamanı Putin baş nazir Rəcəb Tayyib Ərdoğan və prezident Abdullah Güllə görüş keçirəcək.
Türkiyə səfərindən iki gün sonra Rusiya prezidenti MDB-nin Zirvə toplantısına qatılmaq üçün Türkmənistana yollanacaq. Aşqabatdan sonra isə Putinin Tacikistana səfər edəcəyi planlaşdırılır. Putin dekabrın 21-də Avropa Birliyi ölkələrinin zirvə toplantısında iştirak etdikdən sonra dekabrın 24-də Hindistana gedəcək. Ümumilik də isə Putinin dekabrın 20-də illik hesabat verəcəyi bildirilib. Putini cari il ərzində Ermənistana səfər edəcəyi gözlənilsə də prezidentin bu il üçün nəzərdə tutduğu iş planında bu ölkəyə səfər nəzərdə tutulmayıb.
Qeyd edək ki, Vladimir Putin ikinci dəfə Rusiya prezidenti seçildikdən sonra indiyədək Azərbaycana səfər etməyib. Cari il ərzində Putinin İrəvanla yanaşı Bakıya da səfəri planlaşdırılmayıb. Maraqlıdır, öncələr prezident seçildiyi zamanlarda hətta ilk səfərini Azərbaycana edən Putin, indi hansı səbəbdən Azərbaycana səfər etməyə tələsmir? Halbu ki, rusiyalı ekspertlərdə hesab edir ki, indiki məqamda Rusiya ilə Azərbaycanın arasında bir sıra ciddi problemlər var və bu problemlər ancaq prezidentlərin görüşü sayəsində həll oluna bilər. Rusiyalı politoloqlar etiraf edir ki, bu gün Rusiya ilə Azərbaycan münasibətlərində bir fasilə yaranıb və məlum fasilə artıq diplomatik soyuqluqla müşahidə olunur. Belə ki, Rusiya bir tərəfdən azərbaycanlı oliqarxları cəmləşdirərək Azərbaycan hakimiyyətinə qarşı yönəldir, bir tərəfdən "Sadval" terror təşkilatını bərpa etdirir, bu biri tərəfdən isə talış təşkilatı formalaşdırır. Hətta Rusiyanın Azərbaycandakı səfiri "Sadval"in aktivləri ilə görüşməkdən belə çəkinmədi. Bütün bunlar isə təsdiqləyir ki, Putin hələ ki, problemləri həll etmək niyyətində deyil və Azərbaycana təzyiqləri artırmaqla həlledici zərbəsini vurmaq istəyir. Bunu da qeyd edək ki, bu gün Rusiya Azərbaycanla əsasən iki məsələ üzərində üz-üzə gəlib. İlk növbədə Qəbələ RLS-ni nəzarətinə götürməklə bağlı. Digər tərəfdən isə Azərbaycanı Ümumi Gömürük İttifaqına üzv etdirməyə çalışır. Hər iki məsələdə isə Azərbaycan hələ ki, qəti mövqe sərgiləyir və ekspertlər bildirir ki, bu dəfə Azərbaycan geri çəkilmək niyyətində deyil. Amma rəsmi kreml hazırda gərginliyi artırmaqla yanaşı həm də ona görə gözləmə mövqeyindədir ki, qərbin və ABŞ-in da müəyyən məsələlərə görə Azərbaycana təzyiqi güclənsin. Belə olan halda Azərbaycan istər-istəməz Rusiyaya yaxınlaşmağa, nəticədə isə öhdəlikləri qəbul etməyə məcbur olacaq. Amma Azərbaycanın bu günlərdə TANAP layihəsini Milli Məclisdə qəbul etməsi vəziyyəti dəyişdirdi. Bu addım qərbə doğru bir jest idi və hesab etmək olar ki, qərbin Azərbaycana yanaşmasında kifayət qədər loyallıq olacaq.
Ekspertlər bunu da bildirir ki, Rusiya ən azından bir il ərzində, daha doğrusu prezident seçkilərinə qədər durumun bu şəkildə qalmasına çalışacaq. Çünki prezident seçkilərində istər-istəməz ölkədaxili siyasi proseslər gərginləşir və bundan istifadə etmək üçün imkanlar yaranır. Amma bir məsələdə var ki, Azərbaycan Rusiya təzyiqlərinə cavab olaraq, əks addımlarda ata bilər. Məsələn, qərbin enerji təhlükəsizliyini tam təmin etmək və bununla da Rusiyanın qərb üzərində ki, təsirini azalda bilər. Azərbaycan NABUCCO layihəsinə razılığını verməklə sözsüz ki, bu istəyini reallaşdıra bilər. Bundan başqa qeyd olunur ki, Azərbaycanında imkanları var ki, Rusiyada müəyyən azlıqların ayağa qalxmasını təmin etsin. Amma müşahidəçilərin fikrincə hadisələrin bu şəkildə inkişafı Azərbaycan-Rusiya qarşıdurmasına gətirib çıxaracaq və Rusiya bu məqam hərbi yola əl ata bilər və ya Dağlıq Qarabağın müstəqil ölkə olaraq tanınmasına cəhd edə bilər. Necə ki, cənubi Osetya məsələsində bunun şahidi olduq.
Mehdi Əli