“Təəssüflə qeyd etməliyəm ki, ölkəni idarə etməyə iddialı olan insanlar, milli barışıqdan danışanlar, müxalifət arasında konsensus tərəfdarı kimi görünənlər öz qapalı toplantılarında ancaq qeybətlə məşğul imişlər”.

Bu fikirləri Unkal.org-a açıqlamasında Ağ Partiyanın sədri Tural Abbaslı deyib. O bildirib ki, Milli Şura və AXCP rəhbərliyindəki şəxslərin məlum video toplantılarında səsləndirdikləri fikirlər biabırçılıqdır: “Bu videoların necə əldə olunması, yayılması məsələsi başqadır. Hesab edirik ki, bu, qanunpozuntusudur və yolverilməzdir. Amma bu videolar həm də göstərdi ki, onların iclaslarında siyasətçiyə yaraşmayan zarafatlar, lağlağılar, dedi-qodular səviyyəsində söhbətlər gedib. Bu da çox üzücüdür. Hesab edirəm ki, bu videoların yayılması həm Milli Şuraya, həm də AXCP-yə ciddi zərbə vurdu. Məsələ ondadır ki, bu videolarda təhqirə yol verən adamlar nə Azərbaycan xalqından, nə də adı çəkilən şəxslərdən, partiya rəsmilərindən üzr istəmədilər. Hansı ki, o adamların adını haqsız yerə çəkib ironiya ilə danışırdılar. Videodan da açıq görünür ki, bu adamlar yersiz, tərbiyəsiz ironiya ilə davranırlar”.

Tural Abbaslı

T.Abbaslı Milli Şura sədri Cəmil Həsənli ilə bağlı da sərt fikirlər səsləndirib. O bildirib ki, Cəmil Həsənli yaşına, başına uyğun olmayan tərzdə danışır: “Cəmil Həsənli küçə uşaqlarının jarqonu ilə danışır. Bəlkə də küçə uşaqları o cür danışmır, amma bizim alim, ziyalı dediyimiz adam elə fikirlər səsləndirir. Bütün bunlar cəmiyyətin onlara olan inamının tamamilə itməsinə gətirib çıxarır. Düzü, mən hələ də onlardan üzrxahlıq gözləyirəm. Bu qədər tərbiyəsizlik, əxlaqsızlıq olmaz. Bu videoların necə yayılmasından asılı olmayaraq, ən azından səslənən fikirlərə, davranışlara görə üzr istənilməlidir”.

Hüseyn İsgəndərov