"Bir zamanlar küncə sıxışdırılmış, Böyük Orta Şərq layihəsinin içərisində zəif, idarə olunan, bütün anlamlarda asılı olan, daxili böhranda boğulan Türkiyə xəyal edilirdi. Qərb və digər maraqlı mərkəzlərin strateji hədəfləri bu məsələdə üst-üstə düşürdü".

Bu fikirləri "Unikal" qəzetinə açıqlamasında siyasi şərhçi Zəlimxan Məmmədli səsləndirib. O bildirib ki, Ərəb dünyasının, Afrikanın, Mərkəzi Asiyanın, Qafqazın yenidən dizayn edilməsində ən böyük maneə Türkiyə hesab olunurdu. Yüz illərdir davam edən Fələstin düyününün həll olunmamasını, İsrailin regionda hegemonluğunu Türkiyənin zəifləməsində və təsirsizliyində görürdülər. Türkiyənin  üst və dərin qatda siyasi sistemi bunu bilirdi: 

"Son 20 ilə yaxın dönəmdə Türkiyə rəsmiləri bütün siyasi kombinasiyaları ölkənin bütün resurslarının hazırlanan tələlərin dəf olunmasına və Türkiyənin geostrateji güc mərkəzinə çevrilməsinə yonəltmişdi. Məncə birinci mərhələdə bu alındı. Artıq bu gün Türkiyə hər kəsin öz dili ilə danışmaq gücündədir. Tovuz əməliyyatı təbii ki, Orda Şərqdə uduzmuş qüvvələrin Qafqaz uğrunda savaşının əlamətləri idi. Burada Rusiyanın və İranın birbaşa və dolayı formada iştirakı var idi. Türkiyəyə gözdağı vermək və Avropaya təhdid yaratmaq hədəflərdən idi. Bizə qalmış olsaydı, düşmənlərin bu iddiaları reallaşa, hətta ən yaxın qonşumuz olan Gürcüstanla da aramızda gərginlik yaradıla bilərdi. Hətta buna ciddi cəhdlər edildi. Türkiyə gerçək və iddialı, dünyanın altını və üstünü bilən güc mərkəzi olduğunu heç zaman olmadığı qədər bəyan elədi. Qarşımızda kimsə dura bilməz, hər an soruşmadan biz Qarabağa girərik, Qarabağ həm də Türkiyənindir, qan qardaşımızın bəyanatları təsadüfi deyildi. O, güc və iddianın harmoniyasının təzahürü idi. Tovuz təxribatından dərhal sonra birgə hərbi təlimlər, daha sonra Azərbaycan XİN və Müdafiə Nazirinin Prezident R.T.Ərdoğanın sağında və solunda poz vermələri, bundan dərhal sonra Türkiyə güc strukturları sisteminin böyüklərinin Bakı səfəri tək Azərbaycana deyil, bütövlükdə Qafqaza və Türk Dünyasına yem kimi baxanlara göz dağıdır. Yeni dünyanin Turkiyəsiz və bir az da qabağa getsək, Türk dünyasız qurula bilməyəcəyini hamı dərk etməkdədir”.

Müsahibimiz hesab edir ki, Türkiyə başladığı tempi bir an da olsa, tərəddüdə almayacaq: “Məncə proseslər sonuncu, həlledici mərhələyə daxil olmaqdadır. Qafqazda, təəssüf ki, ən böyük maneə Azərbaycan hakimiyyət strukturlarına zaman-zaman sızılmış cəsus şəbəkəsi ola bilər. Qeyd etdiyim kimi Türkiyə indiki durumda haqlı iddialarını bütün vasitələrlə gerçəkləşdirmək gücündədir. Azərbaycan Prezidenti bu məqamda daha cəsarətli olmağa məhkumdur. Azərbaycan xalqı Türkiyənin bölgəyə daxil olması və Qarabağın işğaldan azad olunmasına mütləq hazırdır. Bu prosesin dinamikası deməyə əsas verir ki, proses Azərbaycan və Türkiyənin birliyinə, ən azı konfederasiyaya qədər uzanacaq”.