“Azərbaycan Dəmir Yolları” QSC şimaldan cənuba, eləcə də əks istiqamətdə yüklərin Abşeron yarımadasına daxil olmadan birbaşa daşınmasını asanlaşdıran Güzdək-Qaradağ dəmir yolu xəttinin yenidən qurulması işlərinə başlayıb. Layihəyə görə yolun ox üzrə uzunluğu 36 km, yan yollar ilə birlikdə 80 km olması nəzərdə tutulub.

Unikal.org “Azərbaycan Dəmir Yolları” QSC-ə istinadla xəbrə verir ki, daha öncə mövcud olmuş Güzdək-Qaradağ xətti biryollu olub və bu da qeyd olunan marşrut üzrə hər iki istiqamətdə eyni anda qatarların hərəkətini mümkünsüz edib. 1963-cü ildən işləyən yol sonradan istismar üçün yararsız vəziyyətə düşüb və uzun müddət istifadəsiz qalıb. Yeni layihəyə əsasən yol tamamilə sökülərək genişləndirilir və hər iki istiqamətdə qatarların hərəkətinə imkan verən ikiyollu xətt salınır.

Ümumilikdə layihə üzrə 63 ədəd süni mühəndisi qurğularının salınması nəzərdə tutulub. Belə ki, bu yolda 2 stansiya, 2 körpü, 4 heyvan keçidi, 4 avtomobil keçidi, 5 piyada keçidi, 3 ehtiyat keçidi, 43 suötürücü boru tikiləcək.

“Bu yol çətin relyefə malik ərazidən keçir. Ona görə də tikinti işlərinə çoxlu sayda ağır texnikalar cəlb olunub. Hal-hazırda dəmir yolunun alt quruluşu üzrə torpaq yatağının hazırlanması və drenəedici materialın verilməsi işləri, dəmir yolunun üst quruluşu üzrə isə ballast materialının verilməsi işləri davam etdirilməkdədir”, - deyə Azər Məmmədov, ADY-nin Tikintiyə nəzarət şöbəsinin laboratoriya müdiri bildirib.