Avrokubokların növbəti oyun günündən sonra UEFA reytinqi açıqlanıb.

Unikal.org-un məlumatına görə, Çempionlar Liqasının iki, Avropa Liqasının bir matçı cədvəldə cüzi dəyişikliklərə səbəb olub.

Baş tutan qarşılaşmalar üç ölkənin xal hesabını artırması ilə nəticələnib. Yunanıstan, Serbiya və Litva təmsilçilərinin qələbəsi sayəsində aktivini zənginləşdirib.

Bu xal artımı Yunanıstanın bir pillə irəliləməsi üçün yetərli olub. “Beşiktaş”ı məğlub edən PAOK-un qələbəsi sayəsində Ellada klubu İsveçrəni keçib. Yunanıstanlılar 17-ci sıraya yüksəlib.

Təmsilçiləri bu gün və sabah meydana çıxacaq Azərbaycan cədvəldə 26-cıdır. 14,750 xala malik ölkəmiz Norveçdən 0,125, Rumıniyadan 0,075 xal geri qalır. Bu gün baş tutacaq görüşlərdə münasib nəticə sayəsində Azərbaycan iki pillə irəliləyə bilər. Bunun üçün Moldova “Şerif”ini qəbul edəcək “Qarabağ” adıçəkilən ölkə təmsilçilərindən daha uğurlu oynamalıdır.

Qeyd edək ki, cədvəlin ilk pilləsində 80,640 xala malik İspaniya qərarlaşıb.