“Ordumuz savaşır, vətən müharibəsi aparır. Bu gün bizim çox sayda könüllülərimiz sevə-sevə cəbhə bölgəsinə gedir, rəşadətlə vuruşur. Heç bir atəşkəs çağırışı, qəbul edilən bəyanatlar keçərli deyil”.

Unikal.org-un məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Azay Quliyev deyib.

Onun sözlərinə görə, Azərbaycan xalqının torpaqlarını işğaldan azad etməyə tam haqqı çatır. “Makronun son bəyanatları adamda ikrah hissi doğurur. Bir tərəfdən atəşkəsə çağırış edib, digər tərəfdən Azərbaycanı öz ərazisinə hücum etməkdə ittiham edəsən?! Fransa bu gün ATƏT-in Minsk Qrupunun həmsədri kimi öz etimadını itirib. Azərbaycan diplomatiyası qətiyyətli addım atmalıdır. Fransa səfiri Xarici İşlər Nazirliyinə (XİN) çağırılmalıdır. Eyni zamanda, digər həmsədrlərə də öz mövqeyimiz göstərilməlidir. Bu cür bəyanatlar qətiyyən Azərbaycanda ruh düşüklüyü yaratmır, əksinə ruh yüksəkliyinə səbəb olur. Ordumuz qələbə çalacaq”, - deyə o vurğulayıb.