Qırğızıstan Mərkəzi Seçki Komissiyası keçirilən parlament seçkilərinin nəticələrini etirazlar fonunda etibarsız saydı.

Unikal.org xəbər verir ki, bu barədə MSK-nın üzvü Gülnarə Curabayeva özünün “Facebook” səhifəsində yazıb.

İkin məlumatlara görə, qanunverici orqanda iqtidaryönlü “Birimdik” (24,52%) və “Mekenim Qırğızıstan” (23,89%), həmçinin mərkəzçi “Qırğızıstan” (8,73%) və “Butun Qırğızıstan” (7,11%) təmsil olunacaq.

Parlamentə keçməyən partiyaların tərəfdarları isə Bişkekdə bazar ertəsi Ala-Too mərkəzi meydanında toplanıb. Onlar seçkilərin nəticələrini ləğv etməyi və qanunverici məclisə yeni seçkilərin keçirilməsini tələb ediblər. 

Bu gecə isə Qırğızıstanın paytaxtı Bişkekdə etiraz aksiyasının iştirakçıları dövlət başçısının administrasiyasının olduğu parlament binasını tutublar. Nümayişçilər həbsdə olan sabiq prezident Almazbek Atambayevi və keçmiş baş nazir Jantor Satıbaldiyevi azad ediblər.