Gəncənin Ermənistan ərazisindən raket atəşinə tutulması və nəticədə mükli şəxslərin yaralanması ilə bağlı Yəhudi Dini İcması və Gəncə və Qərb bölgəsi üzrə Rus İcması bəyanat yayıb. 

Unikal.org xəbər verir ki, Yəhudi Dini İcması Bəyanatda deyilir:

“Biz - Yəhudi Dini İcması olaraq, Gəncədə yaşayan soydaşlarımız adından Ermənistanın törətdiyi hərbi təcavüz aktlarını, təxribatları qətiyyətlə pisləyirik. Ermənistan silahlı qüvvələrinin dinc Azərbaycan əhalisinin sıx yaşadığı əraziləri ağır artilleriya qurğularından atəşə tutması qəbuledilməzdir. Bu bütün beynəlxalq humanitar hüququn norma və prinsiplərinə ziddir.

Məlum olduğu kimi, Naftalan, Ağdam, Tərtər Daşkəsən, Göygöl və Goranboyla yanaşı, döyüş bölgəsindən aralıda yerləşən Gəncə şəhəri də Erməsitan tərəfindən ağır artilleriya atəşinə məruz qalır. Gəncənin Ermənistan tərəfindən raket atəşinə tutulması nəticəsində bir nəfər həlak olub, 6-sı uşaq, biri digər millətdən olan şəxs olmaqla, 35 dinc sakin yaralanıb, şəhərin infrastrukturuna böyük ziyan dəyib.

Qeyd etmək lazımdır ki, Ermənistan dəfələrlə Azərbaycanda yaşayan xalqların içərisinə ədəvət toxumu səpməyə çalışsa da buna nail ola bilməyib. Onların təxribatları, dinc əhaliyə qarşı törətdikləri cinayətlər, döyüş bölgələrində verdiyimiz şəhidlər aramızda olan birlik, qardaşlıq tellərini daha da möhkəmləndirir.

Biz - Yəhudi Dini İcması olaraq Ermənistan tərəfinin mülki əhalini hədəf seçməsindən narahatlığımızı ifadə edir, beynəlxalq strukturları ikili standartlar siyasətindən əl çəkməyə, təcavüzkar ölkə olan Ermənistana lazımi təzyiq göstərməyə çağırırıq. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi ilə bağlı mövqeyini və fəaliyyətini tam dəstəkləyirik.

İmza etdilər:

Babayev Arif Babay oğlu

Məmmədov Telman Əli oğlu

Məmmədova Gülnara Əli qızı

Abbasov Akif Musa oğlu

Yusifova Təranə Oktay qızı

Məmmədov Anar Cəmil oğlu

Məmmədova Günel Məhərrəm qızı

Babayev Sahib Babay oğlu”.

Gəncə və Qərb bölgəsi üzrə Rus İcmasının bəyanatda deyilir:

“Biz – Gəncə və Qərb bölgəsi üzrə Rus İcması olaraq bəyan edirik ki, işğalçı Ermənistan beynəlxalq humanitar hüququn norma və prinsiplərinin, Cenevrə Konvensiyalarının, o cümlədən Müharibə zamanı mülki əhalinin müdafiəsi haqqında 1949-cu il 12 avqust tarixli Konvensiyanın, habelə BMT-nin Uşaq Hüquqları Konvensiyasının və insan hüquqları sahəsində digər sənədlərin müvafiq müddəalarını kobud şəkildə pozmağa davam edir.

Belə ki, Azərbaycanın bir sıra şəhər və rayonları ilə yanaşı, son iki gündür ki, döyüş bölgəsi olmayan Gəncə şəhəri də Erməsitan tərəfindən ağır artilleriya atəşinə tutulur. Bunun nəticəsində bir mülki şəxs həlak olub, 30-dan çox dinc sakin, o cümlədən biri 10 aylıq olmaqla 6 uşaq, bir digər millətdən olan şəxs müxtəlif dərəcəli bədən xəsarəti alıb, şəhərin infrastrukturuna böyük ziyan dəyib.

Biz - ərazidə yaşayan etnik rus əhalisi Ermənistan tərəfinin mülki əhalini hədəf seçməsindən narahatıq, Ermənistan rəhbərliyinin təcavüzkar hərəkətlərini qətiyyətlə pisləyir, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi ilə bağlı mövqeyini və fəaliyyətini tam dəstəkləyirik.

İmza etdilər:

Valeriy Kozin

İrina Kalaşnikova

Dmitriy Kozin

Tatyana Orlinskaya

Yuriy Kotlyarov

Yelena Lazarova

Dmitriy Kriçenko

Larisa Vəliyeva”.

Qeyd edək ki, Gəncə və Qərb bölgəsində ümumilikdə  15 000-ə yaxın rus yaşayır.