Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov “vaxtının keçdiyini” hiss etdiyinə görə könüllü istefaya razı olub.

Unikal.org xəbər verir ki, bu barədə “İnterfax”a ölkənin sabiq baş naziri Temir Sarıyev bildirib.

Onun sözlərinə görə, prezident müəyyən şərtlər daxilində könüllü olaraq istefaya hazırdır.

“Hələ ki, Sooronbay Jeenbekov fəaliyyətdə olan prezidentdir. O, bu şərtlər daxilində istefa verəcək: prezident kimi hökumətin istefasını qəbul edəcək, Nazirlər Kabinetinin yeni tərkibi ilə bağlı fərman imzalayacaq”, - Sarıyev bildirib.

Siyasətçi əlavə edib ki, hadisələrin bu cür gedişatından insanlar razı qalacaq.

“Əgər bu edilməzsə, qanuni çərçivədən kənara çıxacağıq. Xalq bunu qəbul edəcək. Hökumətsiz yaşaya bilmərik. Ölkəni küçə qaydaları idarə edə bilməz”, - deyə Sarıyev qeyd edib.

Çərşənbə axşamı iclasa toplaşan Qırğızıstan parlamentinin deputatları impiçment proseduruna başlamağa çalışmışlar. Lakin bununla bağlı razılığa gələ bilməmişdilər. Belə ki, bunun üçün kifayət qədər səs yığılmamışdı, eləcə də spiker Mıktıbek Abdıldayevin imzası çatışmışdı.

Xatırladaq ki, Bişkekdə bazar ertəsi Ala-Too mərkəzi meydanında parlamentə keçməyən partiyaların tərəfdarları olan iki minə yaxın insan toplanıb. Onlar seçkilərin nəticələrini ləğv etməyi və qanunverici məclisə yeni seçkilərin keçirilməsini tələb ediblər. Gecə isə Qırğızıstanın paytaxtı Bişkekdə etiraz aksiyasının iştirakçıları dövlət başçısının administrasiyasının olduğu parlament binasını tutublar. Nümayişçilər həbsdə olan sabiq prezident Almazbek Atambayevi və keçmiş baş nazir Jantor Satıbaldiyevi azad ediblər.