Məleykə Abbaszadə-Misir Mərdanov qovğasında gözlənilməz gəlişmə
Məleykə Abbaszadə-Misir Mərdanov qovğasında gözlənilməz gəlişmə
TQDK sədri təhsil naziri qarşısından niyə geri çəkilməyə məcbur olur?
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə təhsil naziri Misir Mərdanovla açıq qovğaya girməkdən imtina edir. Bu barədə redaksiyamıza TQDK-ya yaxın mənbələrdən məlum olub.
Mənbənin bildirdiyinə görə, Abbaszadə və rəhbərlik etdiyi qurumun sözçüləri bundan sonra Təhsil Nazirliyi və onun rəhbərinin ünvanına açıq ittihamlar səsləndirməyəcəklər. Səbəbi isə təhsil sektorunun iki rəhbər şəxsinin arasındakı "söz duellosu"nda dəngələrin dəyişməsi ilə bağlıdır.
İddialara görə, Mərdanov TQDK sədrinin açıqlamalarının ilk növədə hökumətin monolitliyi ilə bağlı ictimai rəydə yaradılmağa çalışılan qənaətləri kökündən sarsıtdığı yönündə "yuxarılar"a şikayətlənib. Nazir bildirib ki, o, xanım Abbaszadə və qurumunun tənqidlərinə mümkün olduğu qədər təmkinli yanaşmağa, aradakı mübahisələri daha çox ikili müzakirələrdə çözməyə çalışır.
Amma TQDK sədrinin hər fürsətdə fikir ayrılıqlarını ictimailəşdirməsindən gileylənən Misir Mərdanov sonucda bütün bu ittihamların, suçlamaların hakimiyyət daxilindəki qrup savaşlarının başladığı yönündə şərhlərə yol açdığını bəyan edib. Məhz təhsil nazirinin iradlarından sonra TQDK sədri Məleykə Abbaszadəyə aradakı anlaşılmazlıqları, fikir ayrılıqlarını qarşı tərəflə müzakirələr apararaq aradan qaldırmaq tövsiyə olunub.
Xüsusən prezident seçkilərinə təxminən 10 ay qaldığı bir vaxtda iki yüksək vəzifəli şəxsin qovğasının iqtidar daxilindəki ziddiyyətlərin dərinləşməsi kimi qəbul edildiyi nəzərə alınaraq, Məleykə Abbaszadədən KİV yolu ilə ittihamları dayandırması istənilib. TQDK sədrinin də məhz buna görə artıq Misir Mərdanov və nazirliyinin ünvanına açıq hücumlara son verəcəyi qeyd edilir.
Əldə etdiyimiz bir başqa məlumata görə, TQDK-nin orta məktəb dərslikləri ilə bağlı geniş monitorinqlərə başlamasının ardından təhsil nazirinin narahatlıqları artıb. Həmin müzakirələrdə bir qayda olaraq dərsliklərin tənqid atəşinə tutulması, onlardakı nöqsanlara görə Təhsil Nazirliyinin də ittiham edilməsi və bununla bağlı keçirilən iclaslara Mərdanovun əleyhdarlarının da çağırılması naziri əndişələndirib. Misir Mərdanovda narahatlıq var ki, aparılan monitorinqlərin sonucunda orta məktəb
dərsliklərinin hazırlanmasına nəzarət Təhsil Nazirliyindən alına bilər.
Odur ki, Mərdanov TQDK sədrinə cavab olaraq, ona tələbə qəbulundakı nöqsanlar, hətta korrupsiya şübhələri barədə iddialarla çıxış ediləcəyinə dair ismarıçlar göndərib. Bəzi iddialara görə Məleykə Abbaszadənin hələlik "atəşkəs"ə razılıq verməsinin önəmli səbəbi budur.
Bildirilir ki, hazırda təhsil naziri əvvəlki qədər gərgin deyil; o, ən azı prezident seçkilərinədək görəvində qalacağının qətiləşdiyini düşündüyündən xeyli sakitdir. Elə buna görə də Misir Mərdanov indi əsas diqqəti Məleykə Abbaszadə ilə savaşda psixoloji üstünlük qazanmağa yönəltmək fikrindədir.
Söhbət TQDK sədrini yuxarıda da haqqında bəhs etdiyimiz "müvəqqəti sülh"ə məcbur etməkdən gedir. Təhsil naziri məhz aradakı bu "atəşkəs"dən yaxşı faydalanmaq və Məleykə Abbaszadənin mövqelərini sarsıtmaq üçün fürsətə çevirmək niyyətindədir.
Günel Əkbər