“Sülhməramlıların Qarabağa yerləşməsi ilə bağlı cəmiyyətdəki müəyyən narahatlıqları başa düşürəm, çünki hər kəs bu gün çox həssasdır, amma ortada böyük qələbə var və biz bu savaşda qalib gəlmişik”.

Bu fikirləri Unikal.org-a açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı səsləndirib. O bildirib ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi, Ordumuzun şücaəti ilə torpaqlarımız işğaldan azad olunub, qələbə çalınıb:

“Hər şeydən öncə təcavüzkar ermənilər Azərbaycan ərazilərindən qovuldu. Qarabağda ən kilid nöqtələrdən olan Şuşa azad olundu. Sonra Rusiyadan torpaqlarımızın yerdə qalan hissəsinin sülh yolu ilə azad olunması təklifi gəldi. Tərəflər arasında bəyanat imzalandı. Cənab Prezident bu bəyanatın hər bir bəndini açıq formada xalqa elan etdi. Bəyanatda bir vacib məqam var ki, şanlı ordumuz harada idisə, orada da dayanır. Yəni, qətiyyən geri çəkilmə yoxdur. Möhtərəm prezidentimiz də ilk gündən şərt qoymuşdu ki, qrafik təqdim olunsun ki, hansı rayondan nə vaxt və necə çıxılacaq. Ermənistanın baş naziri də yalvarırdı. Belə də oldu, Kəlbəcər, Ağdam və Laçının azad olunmasına vaxt qoyuldu.

Bəyanatda sülhməramlıların gəlməsi və atəşkəsə nəzarət edəcək Monitorinq Mərkəzinin yaradılması da var. Cəmiyyətdə narahatlıqların olmasını təbii qarşılayırıq, amma o bəyanatda hər şey var. Təkcə müharibə dövründə yox, bütün dövrlərdə təxribat ehtimalları olub. Hərbi təxribat olmasa da, informasiya təxribatları olub. Ermənistan mətbuatı və tarixən Rusiyanın müxtəlif qurumlarında və mətbuat orqanlarında yer edən erməni qüvvələri tərəfindən Azərbaycan cəmiyyətini narahat eləmək üçün müxtəlif dezinformasiyalar yayırlar. Hər şey möhtərəm Ali Baş Komandanımızın nəzarəti altındadır. Bu elə bir məsələdir ki, burada hər bir şeyə dəqiq vaxt qoyulub. Vaxtı çatanda ermənilər tamamilə bu bölgələrdən rədd olub gedəcəklər”. 

Millət vəkili onu da qeyd edib ki, vətəndaşlarımızın narahatlığına hər hansı əsas yoxdur:

“Cənab Prezident istər xalqa müraciətlərində, istər beynəlxalq mediaya müsahibələrində bunu açıq deyib. Bu gün müəyyən dezinformasiyalar xalqda narazılıq yaradır, amma mən əminəm ki, xalqımız çox müdrik xalqdır. Xalqımız ermənipərəst qüvvələrin, erməni diasporasının yaydığı saxta məlumatlara uymamalıdır. Bu sülhməramlıların harada olacağını dövlətimiz müəyyənləşdirir. Dövlətimizin nəzarəti ilə olacaq. Dünyanın heç bir ordusu Azərbaycan ərazilərində öz ağlına, öz mənafeyinə uyğun mövqe tuta bilməz. Rusiya sülhməramlılarının da konkret yeri var, bəyanatda da bu öz əksini tapıb. Bu bəyanatda göstərilən mexanizmlərin yerinə yetirilməsində çətinliklər yaranarsa, Azərbaycan prezidenti bu çətinlikləri milli maraqlarımıza uyğun həll edəcəkdir. Sadəcə, Azərbaycandan bir balaca səbr tələb olunur. Azərbaycan ictimaiyyəti səbr və təmkin göstərməlidir. İnşallah dekabrın 1-dək hər bir şey Azərbaycan xalqının ürəyincə olacaqdır. Ümumiyyətlə, hər şey Azərbaycan xalqının iradəsi ilə və bu iradəni təmsil edən cənab prezidentin tövsiyə məsləhətləri ilə olacaq”.

Coşqun Əli