Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Yeni il şənliyində iştirak edib
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Yeni il şənliyində iştirak edib

Dekabrın 27-dən 29-dək Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Buta” sarayında uşaq evlərində və internat məktəblərində təlim-tərbiyə alan, yetim və valideyn himayəsindən məhrum, o cümlədən Daun Sindromlu Şəxslərin Assosiasiyası, xüsusi qayğıya ehtiyacı olan uşaqların reabilitasiya mərkəzi, A.S.Makarenko adına humanitar fənlər təmayüllü ümumtəhsil internat məktəbi, Psixonevroloji Uşaq Evi, kor və zəif görənlər üçün respublika orta internat məktəbindəki və təhsildə xüsusilə fərqlənən uşaqlar üçün Yeni il şənlikləri keçirilir. Şənliklərə gəlmək üçün Fond tərəfindən xüsusi avtobuslar ayrılmışdır.
Dekabrın 28-də Fondun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva bayram şənliyində iştirak etmişlər.
Əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin müxtəlif illərdə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramlarında uşaqlarla bir yerdə olmasından və onlara qayğısından bəhs edən film göstərilmişdir.
Hər il olduğu kimi, bu il də şənlik iştirakçılarına yeni tərtibatda hazırlanmış “Qış nağılı” proqramı təqdim edilmişdir. Həmçinin müxtəlif uşaq qrupları və tanınmış ifaçıların çıxışları balaca tədbirin iştirakçılarında xoş ovqat yaratmışdır.
Şaxta babanın al-əlvan bəzədilmiş möhtəşəm saraya gəlişi uşaqların gurultulu alqışları ilə qarşılanmışdır. Şaxta baba və uşaqlar birlikdə yolkanın işıqlarını yandırmışlar.
Tədbirdə uşaqları şənləndirmək üçün aktyorlar bütün istedad və bacarıqlarını göstərmişlər.
Rəqqaslara qoşulan, al-əlvan yolkanın ətrafında yallı gedən, məharətlərini göstərən, özlərini möcüzələr aləmində hiss edən uşaqların sevinci hədsiz idi. Körpələrin çöhrələrində bu gözəl bayramı onlara bəxş edən Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya məhəbbət və minnətdarlıq hiss olunurdu.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və oğulları tədbirdə iştirak edən uşaqlarla yolkanın ətrafında şəkillər çəkdirmişlər.
Azərbaycanın birinci xanımı uşaqlara bayram münasibətilə təbrik etmişdir.
Mehriban xanım Əliyeva balacalarla xatirə şəkli çəkdirmişdir.
Üç gün davam edəcək tədbirdə üç minə yaxın uşağın iştirakı gözlənilir.