Xəbər verdiyimiz kimi, bu gün İtaliya parlamentinin Deputatlar Palatasının nümayəndə heyəti Ermənistanın işğalından azad olunmuş Ağdam şəhərinə səfər edib.

Unikal.org xəbər verir ki, İtaliya Deputatlar Palatasının sədr müavini Ettore Rosato jurnalistlərə müsahibə verib. O, Ağdamda müharibənin acınacaqlı nəticələrini, dəhşətli üzünü, dağıntıları gördüklərini bildirib.

Ettore Rosato qeyd edib ki, bundan təsirli görüntüləri görmək mümkün deyil: "Bütün evlər, infrastruktur dağıdılıb. Azərbaycan dövlətinin və xalqının səyləri nəticəsində bundan sonra bu torpaqlara həyat qayıdacaq. Dağıdılmış evlər yenidən bərpa olunacaq, buralar iqtisadi cəhətdən yenidən inkişaf edəcək. İnanırıq ki, beş ildən sonra buraya gələndə tamamilə başqa mənzərə ilə qarşılaşacağıq".

İtaliya Senatının üzvü Adolfo Urso isə bildirib ki, müxtəlif partiyaları təmsil edən deputatlardan ibarət nümayəndə heyətinin Ağdama səfər etməkdə məqsədi müharibəni yenidən alovlandıran səbəblər, müharibənin nəticələri, gələcəkdə Azərbaycan və erməni xalqlarının birgəyaşayışı üçün hansı şərtlərin mövcud olması barədə fikir formalaşdırmaqdır.

"İnsani, dini dəyərlərə hörmət əlaməti olaraq, ilk növbədə, həqiqətin nədən ibarət olduğunu araşdırmaq önəmlidir. Gördüyümüz həqiqət ondan ibarətdir ki, burada cinayət törədilib. Yüz minlərlə günahsız insan öz yaşadıqları ərazilərdən qovulub. Azərbaycan öz torpaqlarını geri qaytarıb. Beynəlxalq təşkilatlar tərəfindən qəbul olunan qətnamələr də bir daha sübut edir ki, bu ərazilər Azərbaycan torpaqlarıdır. Bu torpaqları işğaldan azad etmək Azərbaycanıın haqqıdır", - deyə Adolfo Urso vurğulayıb.