“Rusiya sülhməramlılarının son günlərdəki fəaliyyətini izləyirəm, amma açığını deyim ki, onların hazırkı fəaliyyəti mənim də xoşuma gəlmir, ürəyimi açımır. Bu da onların missiyasının öhdəsindən layiqincə gələ bilmədiklərini göstərir”.

Bu fikirləri Unikal.org-a açıqlamasında Milli Cəbhə Partiyasının sədri, millət vəkili Razi Nurullayev səsləndirib. Onun sözlərinə görə, bütün bunları nəzərə alaraq, Ağdamda Rusiya-Türkiyə Monitorinq Mərkəzinin tez işə düşməsinə zərurət var:

“Son prosesləri nəzərdən keçirəndə belə hiss olunur ki, sanki Rusiya sülhməramlılarının vəzifəsi erməni qaçqınlarını Dağlıq Qarabağa qaytarmaqdan, onların yerləşdirilməsini təmin etməkdən ibarətdir. Görünən odur ki, onları əsas səyləri erməniləri razı salmağa yönəlib. Amma belə olmamalıdır. Sülhməramlılar həm də Azərbaycanın maraqlarını təmin etməlidirlər. Bəli, Azərbaycan tərəfinə qarşı hər hansı kəskin münasibət yoxdur, amma obyektivlik olmalıdır ki, heç kim narazı qalmasın. Məsələ ondadır ki, Azərbaycanın maraqlarını qorunması üçün heç bir addım atmırlar. Rusiya sülhməramlıları ermənilərin himayəçisi rolunda çıxış edirlər. Yaxşı olardı ki, onlar öz mandatlarına uyğun fəaliyyət göstərsinlər. Yəqin ki, bütün bu məslələr müzakirə mövzusuna çevriləcək”.  

Hüseyn İsgəndərov