“Məlum olduğu kimi, 10 noyabrda üçtərəfli bəyanat imzalanmışdır. 44 günlük Vətən Müharibəsi bu bəyanatla yekunlaşdı. Azərbaycan və Rusiya prezidentlərinin, həmçinin, Ermənistan baş nazirinin imzaları ilə Azərbaycanın ərazi bütövlüyünün tam təmin olunması və Ermənistanın kapituliyasiyası öz təsdiqini tapmışdı. Amma çox təəssüf ki, son günlər Rusiya sülhməramlılarının fəaliyyəti narazılıq yaradıb”.

Bu fikirləri Unikal.org-a açıqlamasında Milli Məclisin deputatı, YAP Ağdaş rayon təşkilatının sədri Cavid Osmanov səsləndirib.

O bildirib ki, xüsusən son günlərdə Rusiya sülhməramlıları tərəfindən müxtəlif xəritələrin cızılması Azərbaycan ictimaiyyətində birmənalı qarşılanmır: “Belə xəritələr cızmaq sülhməramlıların beynəlxalq funksiya və hüquqlarına aid deyil. Birincisi, artıq məsələ bəyanatda öz həllini tapmışdır. Gündə yeni bir xəritə təklif etmək Azərbaycan cəmiyyətində təəssüf və narahatlıq hissi doğurur. Bir çox suallar ortaya çıxır. Xəritələrdə manipulyasiyalar və sülhməramlılar tərəfindən səlahiyyət çərçivələrini aşan hərəkətlər onların öz öhdəliklərini pozduğunu açıq şəkildə göstərir. Sülhməramlı missiyanın vəzifə və funksiyaları beynəlxalq qanunvericilikdə və bəyanatda tənzimlənir. Sülhməramlıların fəaliyyəti öz öhdəliklərinə uyğun qurulmalıdır. Azərbaycan Rusiya və Ermənistan tərəfinə belə addımlar baş verəcəyi təqdirdə ciddi tədbirlər görüləcəyi ilə bağlı öncədən xəbərdarlıq etmişdi. Ölkə prezidenti və hüquq-mühafizə orqanları tərəfindən bu məsələyə xüsusi həssaslıqla yanaşılmışdır. Əməliyyat keçirilmişdir və xəritədə yeni göstərilən ərazilərə Azərbaycan nəzarət etmişdir. Hər hansı qanun pozuntusu və ermənilər tərəfindən yeni təxribatlar törədilərsə, bunun cavabını əlbəttə ki, Azərbaycan tərəfi verməyə hazırdır və qadirdir. Xocavənd rayonunda baş verən hadisələr də bunun tamamilə göstəricisidir. Məlum terror-təxribat prosesində şəhid verilmişdi, eləcə də “Azercell” əməkdaşına qarşı silah istifadə olunmuşdu. Bəli, DTX tərəfindən anti-terror əməliyyatları keçirildi. Erməni terrorçuları məhv edildi. Amma bu kimi məsələlər olmamalıdır”.

Millət vəkili onu da qeyd edib ki, belə addımlar bəyanatda əks olunan tələblərə, sülh və əmin-amanlığın təmin olunmasına uyğun gəlmir və böyük ciddi narazılıqlar və suallar doğurur. Onun sözlərinə görə, Azərbaycan ədaləti təmin etməyə hazırdır və qadirdir.

Coşqun Əli