Böyük Britaniya parlamenti krallığın Avropa Birliyindən ayrılmasından sonra təşkilatla gələcək münasibətlərə dair müqaviləni təsdiqləyib.

Unikal.org TASS-a istinadən xəbər verir ki, sözügedən razılaşmanın eyniadlı hissəsi olan qanun layihəsi qanunvericilik baxımından bütün mərhələləri keçib.

Parlament üzvlərinin keçirdiyi təcili iclas zamanı sənəd əvvəlcə İcmalar Palatası, daha sonra Lordlar Palatası tərəfindən təsdiqlənib. Bundan sonra o, dəyişilməz olaraq aşağı palataya qayıdaraq qəbul edilib.

“Brexit”dən sonra London və Brüssel arasındakı münasibətlərə dair qanun layihəsi Britaniya kraliçası II Elizabet tərəfindən də artıq imzalanıb. Bu, qanun layihəsinin qüvvəyə minməsi deməkdir.

Belə olan halda, Britaniya qanun layihəsinin monarx tərəfindən də imzalanmasından və buna qədər qanunverici orqanın hər iki palatasında nəzərdən keçirilməsindən sonra Avropa Birliyi ilə ticarət və əməkdaşlıq haqqında 24 dekabrda imzalanan və 2021-ci il yanvarın 1-dən etibarən tərəflər arasındakı münasibətlərin şərtlərini müəyyənləşdirəcək müqavilənin təsdiqlənməsi müddətini tamamlayıb. Tərəflərin keçid dövrü adlandırdığı müddət yeni il gecəsindən etibarən başa çatacaq və 2016-cı ildə britaniyalıların referendumda təsdiqlədiyi “Brexit”, nəhayət ki, həyata keçiriləcək – Böyük Britaniya AB-nin vahid bazarını və gömrük ittifaqını tərk edəcək.