Son bir ildə əksər dövlətlərdə olduğu kimi ölkəmizdə də koronavirus infeksiyasına yoluxanların sayının artması səbəbindən virusun yayılmasının qarşısının  alınması istiqamətində Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə və tələblərinə müvafiq  olaraq ölkə ərazisində cənab Prezident İlham Əliyevin tapşırığı ilə bu bəladan xalqımızı qurtarmaq üçün bir sıra təxirəsalınmaz tədbirlər həyata keçirildi.

Bu baxımdan, mövcud sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq, Nazirlər Kabineti yanında Operativ Qərargah xüsusi karantin rejimi çərçivəsində bir sıra məhdudiyyətlərin tətbiq olunmasına qərar verdi. Hələ də bu bəladan xilas olmadığımız müddət ərzində hər bir şəxsin sosial məsuliyyətdən irəli gələn davranışı, Nazirlər Kabineti yanında  Operativ Qərargahın  bütün tövsiyyə, təklif və qərarlarını qeyd-şərtsiz icra etməsi qarşıda duran vəzifələrin mümkün qədər effektiv olması ilə nəticələnər. Bu baxımdan hələ də tətbiq olunmuş məhdudiyyətlərə əməl etmək lazımdır.

 Onu da bildirməliyik ki, koronavirus, bütün  dünya üçün çox böyük sınaq idi. Azərbaycan dövlətinin əzmkarlığı, ardıcıl təxirəsalınmaz mübarizə tədbirləri, xalqımızın məsuliyyəti ilə bu sınaqdan  çıxa bildik. Görülən işlər və Operativ tədbirlər nəticəsində  yeni xəstəxanalar tikilib, laboratoriyalar alınıb, həkimlər səfərbər olunub, koronavirus xəstələrinə qulluq edən həkimlərin maaşları artırıldı, onlar əmək haqlarının 3-5 misli həcmində maaş alırlar, bir  neçə milyard manat dəyərində sosial paket koronavirusdan əziyyət çəkən insanlara, o cümlədən qeyri-formal çalışan və işsiz  vətəndaşlara yardım kimi göstərildi və s.

Bəşəriyyət üçün böyük təhlükə mənbəyi olan pandemiya və epidemiyaların qarşısının alınmasında o cümlədən, yeni növ koronavirusla (COVİD-19) mübarizədə də peyvənddən səmərəli yol yoxdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş, videoformatda keçirilən müşavirədə bununla bağlı dövlət başçımız bildirdi ki,”Ümid edirik ki, peyvənd bu ay ərzində Azərbaycana gətiriləcək. Hər halda bütün kontraktlar imzalandı. Peyvəndin bir qədər gec gətirilməsi bizdən asılı deyil. Ondan sonra insanlar kütləvi qaydada bu peyvənddən istifadə edəcək və  canımız bu xəstəlikdən qurtaracaq.”

Əhliman Əmiraslanov

Milli Məclisin Səhiyyə Komitəsinin sədri, akademik