“Nəqliyyat Könüllüləri” proqramının məzunları ilə onlayn görüş keçirilərək proqamın ötən il üzrə hesabatı dinlənilib və bu ilin yeni tədbirlər planı təqdim edilib. 

Unikal.org xəbər verir ki, Bakı Nəqliyyat Agentliyinin aparat rəhbəri Gülşən Rzayeva onlayn görüşdə iştirakçıları salamlayaraq bildirmişdir ki, “Ölkə rəhbəri gənclərin imkan və bacarıqlarını daim yüksək qiymətləndirir və bu gün gənclər siyasəti müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biridir. Prezident İlham Əliyev tərəfindən məhz ötən 2020-ci il ölkəmizdə “Könüllülər ili” elan edilmişdir, həmçinin bu il könüllülərimiz üçün bir sınaq ili olmuşdur. Pandemiya dövründə könüllülərimiz tərəfindən vətəndaşların maarifləndirilməsi və əks epidemik tədbirlər mütəmadi olaraq davam etdirilmişdir. Ötən il zəfər ili kimi hamımızın yaddaşında əbədi qalmışdır. Qarabağın azadlığı uğrunda 44 gün davam edən Vətən müharibəsində ön və arxa cəbhədə vətənpərvər gənclərimiz şərəflə mübarizə aparmışlar. Bu gün Vətən müharibəsində könüllü şəkildə iştirak edən 2 nəfər nəqliyyat könüllümüz də bizimlədir və sağ salamat geri qayıdıblar. Biz könüllülərimizə daim dəstəyik.

Sevindirici haldır ki, proqramda uğur qazanmış 13 könüllü bu gün bizim əməkdaşlarımızdır. Bu gün Agentlikdə rəhbər vəzifələrdə çalışan əməkdaşlarımızın 37 %-i gəncdir. Gənc əməkdaşlar Bakı şəhərinin mobilliyi, əlçatanlığı və təhlükəsizliyi istiqamətində gördüyümüz işlərdə fəal iştirak edirlər və öz müasir yanaşmalarını tətbiq edə bilirlər. İnanıram ki, təcrübə proqramı müddətində lazımi bilik və bacarıqlar əldə etmisiniz və bu bacarıqlar sizin həyatınıza, karyera fəaliyyətinizə təsir edəcək kifayət qədər önəmli məqamlardan biridir. Bu gün 2020-ci il üzrə proqramı başa vuran məzunlarımızı yola salırıq. Lakin yaddan çıxarmayaq ki, bu günün könüllüsü  sabahın mütəxəssisi və cəmiyyətin aparıcı qüvvəsidir. Sizə gələcək inkişafınızda uğurlar arzulayıram.” 

Sonra proqramın koordinatoru Nahid Quliyev hesabatı təqdim etmişdir. İl ərzində fəal olan könüllülər əldə etdikləri təcrübələrdən danışmış və yaradılan şəraitə görə rəhbərliyə öz təşəkkürlərini bildirmişlər. Hərbi xidmətdə olan könüllülərimiz qazanılan zəfər uğrunda apardıqları mübarizədən bəhs edərək iştirakçıları qürurlandırmışlar.

Qeyd edək ki, 2020-ci il üzrə, 176 nəfər könüllü proqrama müraciət edib, 144 nəfər onlayn müsahibədə iştirak edib, 60 nəfər proqrama seçilib, 36 nəfər məzun adını qazanaraq sertifikatla təltif edilib, 3 nəfər könüllü işlə təmin edilib, 2 nəfər könüllümüz vətən müharibəsində iştirak edib, 15 nəfər könüllü pandemiya dövründə fəaliyyətinə görə Prezident Administrasiyası tərəfindən sertifikatla təltif edilib. Könüllülər ilində fəal olan 4 nəfər nəqliyyat könüllüsü ilin könüllüsü seçilib. 30 nəfər könüllümüz hazırda bu və ya digər fəaliyyətlərimizdə fəal şəkildə iştirak edirlər.