Bəzi yüksəkçinlilərə qorxunc təhlükə
Bəzi yüksəkçinlilərə qorxunc təhlükə
İcra başçılarından nazirlik və komitələrin
vəzifəlilərinədək çoxsayda iri məmura həbs yolu göründü

Dünən Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin rəisi Kamran Əliyev bu gün mətbuat konfransı keçirib. İdarə rəisinin açıqlamaları arasında kifayət qədər maraq doğuranı onun bir çox iri məmurları "korrupsiyayla mübarizə dalğası"nın vurmasına dair açıqladığı faktlar olub.
K.Əliyev bildirib ki, ötən il ərzində özəl qurumlarda 32 korrupsiya faktı ilə əlaqədar cinayət işi qeydə alınıb: "Təhsil sahəsində - 19, bank üzrə - 13, Kənd Təsərrüfatı Nazirliyində - 8, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində - 7, yerli icra hakimiyyəti orqanlarının rəhbər işçiləri barəsində - 6, mədəniyyət və turizm sahəsində - 5, səhiyyədə - 4, prokuror orqanlarında - 3, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində - 2, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində - 2, "Azərenerji"də - 2, mənzil-kommunal təsərrüfat sahəsində - 2, Əmlak
Məsələləri Dövlət Komitəsində - 3 və nəqliyyat sahəsi üzrə - 1 cinayət işi məhkəməyə göndərilib".
Faktlardan göründüyü kimi, xüsusən iki nazirin sahəsində - Misir Mərdanov və İsmət Abbasovun rəhbərlik etdiyi sektorlarda korrupsiya dərin kök salıb. Bu, müstəqil mətbuat və ekspertlərin yazdıqları və söylədikləri ilə tamamilə səsləşir. Eyni zamanda vətəndaşlar arasında da hər iki nazirliklə bağlı çoxsaylı şikayətlər Mərdanov və Abbasovun rəhbərlik etdiyi sahələrdə ciddi islahatların gərəkliyini deməyə əsas verir.
Yerli icra hakimiyyəti orqanları ilə bağlı da korrupsiyaya dair narahatlıqların qaldığı ortadadır. Bir çox icra başçıları özlərini rəhbərlik etdikləri rayonda "kiçik padşah" kimi aparırlar, rəhbərlik etdikləri rayonların büdcədən asılılığını ləğv etmək əvəzinə, büdcədən onlara ayrılan vəsaitləri mənimsəmək yolu tuturlar.
Bəzi icra başçıları dövlət idarə, təşkilat və müəssisələrin rəhbərlərini "taskı"ya oturdublar, onlardan mütəmadi "haqq" toplayırlar, bu isə rayonlarda rüşvət və korrupsiyanın çiçəklənməsinin əsas ünsürlərindən biridir. Çünki rayon rəhbərinin tələb etdiyi "haqq"ı heç bir idarə, müəssisə, təşkilat rəhbəri öz cibindən ödəmir, onlar da çıxış yolunu tabeçiliyindəki işçiləri soymaqda görürlər.
Sahibkarlardan qanunsuz toplamalar, onların fəaliyyətinə qanundankənar müdaxilələr də icra başçılarının sevimli "fəaliyyət növlərindən" biridir.
Korrupsiyanın bir çox iri məmurlar arasında ən geniş yayılmış şəkli isə heç şübhəsiz nəzarətlərindəki büdcə vəsaitləri ilə rəftarla bağlıdır. Faktlar, müşahidələr göstərir ki, bir çox iri məmurlar büdcə ayırmalarını əsasən təyinatı üzrə xərcləmirlər, həmin pullar üzərində ictimai şəffaflıq sıfır səviyyəsindədir, büdcə vəsaitləri daha çox o istiqamətlərə yönəldilir ki, orada mənimsəmək, dövlət vəsaitini şəxsi iştahının "qurban"ı etmək imkanları çoxdur - məsələn, təmir, yenidənqurma, abadlaşdırma və s. kimi bu cür korrupsiya üsulları bəzi nazirlik, komitə, habelə yerli icra hakimiyyətləri tərəfindən geniş yayılıb.
Amma Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin dünən ortaya qoyduğu faktlar, həmin faktlar əsasında açılan cinayət işlərinin məhkəmələrə göndərilməsi korrupsiya və rüşvət üzrə "ixtisaslaşmış" iri məmurlara xüsusən seçki ilində qorxunc təhlükə vəd edir. Hesab etmək olar ki, seçki ilində ictimai etimad qazanmaq və möhkəmlənmək üçün hökumətdə belələrinə güzəşt etməmək yolu tutulur.
Bu isə bəzi yüksək vəzifəlilər üçün iki tərəfdən yaxşı heç nə vəd etmir:
Birincisi, bir çox iri məmurların rüşvət və korrupsiya ilə zənginləşmək imkanları zəifləmiş olur;
İkincisi, rüşvət və korrupsiyaya meyllilik nəinki onların vəzifəsinin, sərvətlərinin, hətta azadlıqlarının əlindən alınmasının önü açılır.
Yəqin ki, qarşıdakı aylarda biz bunların əyani nümunəsi sayılacaq halları görəcəyik.
Azər Aslan