Çörək istehsalçılarının siyahısı hazırlanır
Çörək istehsalçılarının siyahısı hazırlanır

Eyyub Hüseynov: “Satışa çıxardılan çörəklərin içindən bolt və hətta əl boyda rezin parçası çıxıb”

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti çörək məhsullarının keyfiyyətinə dövlət nəzarəti tədbirlərini gücləndirib. Komitənin mətbuat xidmətindən bildirilib ki, istehlakçıların keyfiyyətli və təhlükəsiz çörək məmulatları ilə təmin edilməsi, çörək istehsal edən müəssisələrdə aparılmış monitorinqlər zamanı aşkar edilən ciddi nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün nəzarətin gücləndirilməsi ilə bağlı ölkə rəhbərliyinin tapşırıqlarına uyğun olaraq çörək məhsullarının keyfiyyətinə dövlət nəzarəti tədbirlərini daha da gücləndirilib.

Bununla bağlı verilmiş Əmrə əsasən xidmətin müvafiq struktur bölmələri əhatə etdikləri rayonlar üzrə çörək istehsalı və idxalı ilə məşğul olan təsərrüfat subyektlərinin siyahısını hazırlayıb, həmin müəssisələrdə istehsal edilən məhsulun keyfiyyətinin yüksəldilməsi məqsədilə müntəzəm olaraq monitorinqlərin aparılması işini təmin etməli, mövcud problemlərin öyrənilməsi və onların aradan qaldırılması məqsədi ilə çörək məmulatları istehsalçıları ilə açıq görüşlərin təşkil edilməsi, istehlakçıların maarifləndirilməsi, kütləvi informasiya vasitələrində bu sahədə həyata keçirilmiş tədbirlər barədə ictimaiyyətə məlumatların verilməsi işini gücləndirməlidirlər.
Qeyd edək ki, 2012-ci ilin dekabr ayında əhalinin təhlükəsizlik normalarına uyğun və keyfiyyətli çörək məmulatları ilə təmin edilməsi, taxıl və un məmulatlarının standartlaşdırılması üzrə işlərin təkmilləşdirilməsi və səmərəliliyinin artırılması məqsədilə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin müvafiq Əmri ilə Azərbaycan Standartları İnstitutunun nəzdində "Taxıl və un məmulatlarının standartlaşdırılması üzrə" Texniki Komitə yaradılmışdır. Əmrə əsasən TK-nın Əsasnaməsi, strukturu və tərkibi təsdiq edilmişdir. Texniki Komitədə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə yanaşı, Səhiyyə Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi və bir neçə çörəkbişirmə müəssisəsinin mütəxəssisləri də təmsil olunur.
Texniki Komitə tərəfindən hazırda “Buğda unundan hazırlanan çörək-bulka məmulatları. Ümumu texniki şərtlər” standartı layihəsi üzərində iş aparılır. Layihə tam hazır olduqdan sonra təsdiq üçün Komitəyə təqdim ediləcək.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun “Unikal”a söylədiyinə görə, “Hazırda ölkədə monopoliyaya alınmayan yeganə istehsal sahəsi çörəkbişirmə sektoru olsa da, burada da yetərincə problemlər müşahidə edilir. Bizim qurumun çörək məmulatlarının istehsalı ilə bağlı apardığı monitorinqlərin nəticələri göstərir ki, bu sahədə ən ciddi problemlərdən biri xəmir hazırlanarkən yodsuz və digər zərərli kimyəvi tərkiblərlə zəngin olan xörək duzundan istifadə edilməsidir. Bu barədə müvafiq qurumlar qarşısında dəfələrlə məsələ qaldırsaq da, problem həll edilməmiş şəkildə qalır”.
Sədrin sözlərinə görə, “Çörəkçilikdə ikinci ən mühüm problem satışa çıxardılan hazır çörəklərin bükülməsi və yaxud qablaşdırılması ilə bağlıdır. Dünyanın əksər ölkələrində çörəklər uyğun örtüklərin içində satılır. Bu üsul çörəyin gigiyenik baxımdan qorunmasına xidmət edir və ümidvarıq ki, bu problem də yaxın zamanlarda öz həllini tapacaq”.
Eyyub Hüseynovun sözlərinə görə, “Ölkədə çörəklərin bişirilməsi sahəsində olduqca xoşagəlməz bir pərakəndəlik var. Kim harada ortalığa çıxırsa və harada, necə istəyirsə, o cür də çörək bişirməklə məşğul olur. Ona görə də çörək bişirmə sexlərinin əksəriyyətində antisanitariya hökm sürür. Satışa çıxardılan çörəklərin içindən bolt və hətta əl boyda rezin parçası çıxıb. Bu səbəblər üzündən hazırlanmaqda olan yeni standartların çörəkçilik sektorunda bir qədər qayda-qanun yaradacağına inanıram. Amma başqa bir qorxum da var. Mənə elə gəlir ki, bu standartlar çörəkçilik sahəsini də monopoliyaya götürməyə xidmət edəcək”.
Onun sözlərinə görə, “Çörək bişirmə sahəsində ən bərbad durum pəhriz çörəklərinin keyfiyyətinə aiddir. Qoy oxucularınız bilsinlər ki, Bakı şəhərində pəhriz adına satılan çörəklərin hazırlanmasında müxtəlif rənglərdən istifadə edilir və onlarda pəhriz üçün dəyərli heç nə yoxdur”.

Nadir