Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb.

Unikal.org xəbər verir ki, əfv olunanlar arasında Bakıda mənzildən 600 min manat oğurlayan Quliyeva Svetlana Fyodorovna da var.

Qeyd edək ki, oğurluq hadisəsi ötən il baş verib. DİN Baş Cinayət-Axtarış İdarəsi və Baş İstintaq və Təhqiqat İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2014-cü il iyunun 25-də Tatyana Quliyevanın mənzilindən 5 000 manat pul oğurlayan Bakı şəhər sakini Svetlana Quliyeva tutulub. Daha sonra araşdırmalar nəticəsində məlum olub ki, S.Quliyeva həmin mənzildən hissə-hissə ümumilikdə 600 min manat pul oğurlayıb. O, Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsilə ittiham olunub.
Bu ilin oktyabr ayının 22-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə S.Quliyeva 10 il müddətinə azadlıqdan məhrum edilib. Bundan başqa, S.Quliyevaya məxsus ev və avtomobillər müsadirə edilib. Həmin ev və avtomobillər satılaraq T.Quliyevaya dəymiş ziyan kimi ödəniləcək.