Əkbər Hacıyevin "qaz müəmması"
Əkbər Hacıyevin "qaz müəmması"
Bakıda sakinlərin qazı hara "gedir"?

Bu günlərdə xəbər saytlarından birində bir şikayət gördük. Diqqətimizi çəkdi: çünki oxşar şikayətlər artıq çoxdandır paytaxtın bir çox ünvanlarından eşidilir.
Şikayətdə bildirilir ki, Bakının Sabunçu rayonunda yaşayan sakinlər qaz problemi ilə üzləşiblər. Belə ki, Bakıxanov qəsəbə sakinlərinin yazdığı məktubda deyilir ki, Sülh küçəsi 2/6 ünvanında axşam saatlarında qazın təzyiqi aşağı düşür.
Sakinlər iddia edirlər ki, qazın böyük hissəsi yaxınlıqdakı villalara verilir. Bunun nəticəsi olaraq yaşayış binalarında problemlər yaranır.
Maraqlısı odur ki, məsələ ilə bağlı Sabunçu Rayon Qaz İstismar Sahəsinin rəisi İsmixan Nəsirov bildirib ki, sakinlərin qazın zəif olmasının səbəbi ilə bağlı iddiaları qərəzlidir. Sahə rəsinin sözlərinə görə, Sülh küçəsində qazın təzyiqi normaldır. Məsələ ilə bağlı həmin ünvana yenidən baxış keçiriləcək və problemin olub-olmaması aydınlaşacaq.
Əslində sahə rəisinin bu cür reaksiyası təbiidir. Hər halda heç kim ayranına turş demir və xüsusən Azərbaycan reallığında məmurlarımızdan həqiqəti əks etdirən cavab açıqlamaları gözləmək absurddur.
Qeyd etməyi lazım bilirik ki, axşam saatlarından etibarən qazın təzyiqinin aşağı düşməsi Bakının ənənəvi dərdidir, oxşar problemlərlə bağlı Xırdalan şəhərindən, Yasamaldan zaman-zaman daxil olan müraciətlər paytaxtda belə bir problemin varlığını təsdiqləyir.
Maraqlı burasıdır ki, Bakının hər yerində sözügedən çətiniklə üzləşənlərin hamısının versiyası eynidir: onlar hesab edirlər ki, "Azəriqaz" imkanlı və vəzifəli şəxslərin dəbdəbəli, təmtəraqlı imarətlərinin qızdırılmasına xüsusi həssaslıqla yanaşır. Bu yaxınlarda sosial şəbəkələrdə də haqqında danışılan problem müzakirə mövzusu olmuş və müzakirəyə qoşulan internet istifadəçilərindən biri çox maraqlı bir fikir səsləndirmişdi: "Mən 2 otaqlı evdə yaşayıram və qarlı, şaxtalı günlərdə axşam və gecə saatlarında oranı güc-bəla ilə isidirik. Donuruq. Amma necə olur ki, ən azı iki mərtəbədən, saysız-hesabsız otaqlardan ibarət olan məmurların belə dərdi yoxdur. "Azəriqaz" onların imarətlərinin isti, bizimkinin bumbuz olmasına nə izah verir görəsən?"
Yaxşı sualdır. Amma cavab axtarmağa dəyməz. Çünki yazının əvvəlindən də göründüyü kimi, Əkbər Hacıyevin rəhbərlik etdiyi qurumun işçilərinin, sözçülərinin əlindən vətəndaşların şikayət və iddialarına təkziblə cavab verməkdən başqa bir iş gəlmir.
Ekspertlər isə Azərbaycanın Bakı başda olmaqla bir çox yerlərində nəinki axşamlar, ümumiyyətlə, qarlı-boranlı günlərdə qazın təzyiqi ilə bağlı narazılıqların yarandığını təsdiqləyirlər: "Səbəblərdən birinin isə qazın böyük hissəsinin varlıların villalarına yönəldilməsi ola bilər. Bura Azərbaycandır və məşhur Molla Nəsrəddinin lətifəsində deyildiyi kimi, pulu verən düdüyü də çalır".
Başqa bir səbəb isə o ola bilər ki, vətəndaşlara verilən qazın bir hissəsi onlardan yayındırılır. Bunun kifayət qədər real ehtimal sayan ekspertlər istənilən halda ortada hansısa bir qanunsuzluq olduğunu düşünürlər. Əks halda Avropanı qazla təmin etmək iddiasında olan bir ölkənin özündə vətəndaşların qış aylarında qazsızlıqdan donmasına nə ad vermək olar?
Sonda Əkbər Hacıyevin qurumunun bir yalanını da qeyd edək. Hələ payızın ilk aylarında Bakının çeşidli yerlərindən xəbər portallarına qazın təzyiqinin aşağı olması ilə bağlı şikayətlər gəlirdi. Həmin şikayətlərdən birinə cavab olaraq "Azəriqaz"dan bildirmişdilər ki, qazın təzyiqinin aşağı olmasının obyektiv səbəbləri var. Çünki guya o vaxta kimi sakinlərə qaz yay vaxtına uyğun verilir. Noyabrın 15-dən sonra isə qaz verilişi ilə bağlı qış vaxtına keçiləcək. Bundan sonra da qazın təzyiqinin aşağı olmasından gileylənən vətəndaşların problemi də həll olunacaq.
Buyurun, "Azəriqaz"ın qış vaxtına keçməsinin üstündən 2 ay vaxt keçir, amma hələ də paytaxtın dörd bir yanından qazın təzyiqinin aşağı olduğuna dair şikayətlərin ard-arası kəsilmir. Və istər-istəməz, belə bir sual ortaya çıxır: əcəba, Əkbər Hacıyevin qurumundakı bu "aşağı təzyiqli qaz müəmması"nın sirri nədir?!

Ülviyyə Qasımlı