“Dialoq, əlbəttə ki, lazımdır. Xüsusilə Vaşinqtonun demək olar, bütün silahlara nəzarət mexanizmlərini məhv etdiyi və yalnız strateji hücum silahlarının azaldılmasına dair sazişin (New START) qüvvədə qaldığı bir şəraitdə bu, çox vacibdir”.

Unikal.org xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşdən sonra Bakıda keçirilən mətbuat konfransında deyib.

Bir qədər öncə Ağ Ev bildirib ki, ABŞ prezidenti Cozef Bayden rusiyalı həmkarı Vladimir Putinə ikitərəfli münasibətlərdəki problemləri müzakirə etmək üçün bu yay Avropa ölkələrindən birində zirvə görüşü keçirməyi təklif edib. Kreml görüşün mümkün tarixinin müzakirə edildiyini bildirib. Bayden isə Putinlə iyunda görüşəcəyinə ümid etdiyini deyib.

“Amerikalı həmkarlarımıza görüşün mövzusu barədə qərar verməyin məqsədəuyğun olduğunu bildirmişik”, – nazir qeyd edib.

Onun sözlərinə görə, Rusiya ABŞ-a strateji sabitlik sahəsindəki bütün amilləri, istər hücum, istərsə də müdafiə sistemlərini nəzərdən keçirməyi təklif edib.