Bu gün futbol üzrə Azərbaycan milli komandası növbəti yoldaşlıq görüşünü keçirəcək.

Unikal.org-un məlumatına görə, Canni De Byazinin baş məşqçi olduğu kollektiv Minskdə Belarus yığmasının qonağı olacaq. "Dimamo" Milli Olimpiya Stadionunda təşkil ediləcək qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.

Bu, iki komanda arasında dördüncü oyun kimi tarixə düşəcək. Əvvəlki üç görüş də yoldaşlıq xarakteri daşıyıb. Tərəflər hərəyə bir dəfə minimal hesabla qalib gəlibsə, daha bir qarşılaşma heç-heçə ilə yekunlaşıb - 2:2.

Hazırda Belarus FIFA reytinqində 89-cu, Azərbaycan 110-cu yerdə gedir.

Azərbaycan millisi daha əvvəl Alanyada Türkiyə yığmasına 1:2 hesabı ilə uduzub. Növbəti yoldaşlıq görüşü iyunun 6-da Kişineuda Moldovaya qarşı olacaq. Belarus isə ilk belə oyununa çıxacaq.

Qeyd edək ki, Azərbaycan millisinin futbolçularından Bəhlul Mustafazadə və Elvin Bədəlov hazır olmadıqları üçün Belarusa qarşı oynamayacaqlar.

2 iyun
Yoldaşlıq görüşü
20:00. Belarus - Azərbaycan

Minsk, "Dinamo" Milli Olimpiya Stadionu.