İyunun 26-da İsmayıllı rayonunda Silahlı Qüvvələrinin yaradılmasının 103-cü ildönümü ilə əlaqədar tədbir keçirilib.Tədbirdə millət vəkili Novruz Aslanov, Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, RİH-nin məsul əməkdaşları, ictimaiyyət nümayəndələri, şəhid ailələrinin üzvləri, hüquq-mühafizə orqanın rəhbərləri iştirak edib.

Unikal.org xəbər verir ki, öncə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, qazilərə şəfa arzulanıb.
Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov tədbirdə çıxış edərək ulu öndər Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik konsepsiyasını və ordu quruculuğunu inamla reallaşdıran Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin həyata keçirdiyi hərtərəfli düşünülmüş müdrik dövlət siyasəti və səriştəli idarəçiliyi, zabitlərimizin, əsgərlərimizin qəhrəmanlığı sayəsində əzəli torpaqlarımızın işğaldan azad edilərək, Silahlı Qüvvələrimizin 103-cü ildönümünün ölkəmizin hər bir diyarında üçrəngli bayrağımızın dalğalanması sevinci və təntənəsi ilə qeyd edildiyini bildirib.
Millət vəkili Novruz Aslanov çıxışında bildirib ki, bu tarixi qələbənin əldə edilməsində İsmayıllı rayonunun qəhrəman oğullarının da misilsiz əməyi olub. Yaşadığımız bu sevincli günlər üçün şəhidlərimizə, qazilərimizə və bütün döyüşçülərimizə borcluyuq. Onlar tərəddüd etmədən canlarını fəda edərək erməni vandallarının zaman-zaman xalqımızın başına gətirdikləri müsibətlərə son qoydular, şəhidlərimizin qisasını aldılar.
Mərasimdə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə təltif edilmiş Vətən müharibəsində qəhrəmanlıqla döyüşmüş hərbi qulluqçulara, qazilərə, şəhid ailələrinin üzvlərinə müxtəlif orden və medallar təqdim olundu.
Tədbirdə şəhid Ramil Musayevin öz adını daşıdığı körpəsinə onun medalı təqdim edilib.