Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası işçi qrupunun rəhbəri, akademik Əhliman Əmiraslanov Azərbaycanda diplomatik fəaliyyətə yeni başlayan Türkiyə Respublikasının fövqəladə və səlahiyyətli səfiri Dr. Cahit Bağçı ilə görüşüb. Görüşdə dost və qardaş ölkələrimiz arasında münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyi qeyd olunub.

Unikal.org xəbər verir ki, tarixi köklərimizdən gələn Türkiyə ilə Azərbaycan arasında mövcud olan strateji münasibətlər, iki dövlət liderinin mökəmləndirdiyi  dostluq və qardaşlığımız əbədidir. Akademik Əhliman Əmiraslanov bildirdi ki, iki dost və qardaş ölkə - Türkiyə ilə Azərbaycanın arasında olan yaxın münasibətlərin dünya miqyasında analoqu yoxdur. Deputat ölkələrimizin parlament rəhbərləri səviyyəsində də əməkdaşlığın yüksək səviyyədə olduğunu, hər iki ölkənin parlamentində geniş tərkibli dostluq qruplarının fəaliyyət göstərdiyini söyləyib. O da xüsusi olaraq bildirilib ki, deputatlarımız müxtəlif nüfuzlu beynəlxalq platformalarda bir-birlərini dəstəkləyir və demək olar ki, eyni mövqedən çıxış edirlər. Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası işçi qrupunun rəhbəri, akademik Əhliman Əmiraslanov səfirə Azərbaycan parlament nümayəndə heyətinin 7 - 11 İyun 2021-ci il tarixində Türkiyəyə səfər çərçivəsində olan yüksək səviyyəli görüşlərindən və onun əhəmiyyətindən danışaraq ona fəaliyyət göstərdiyi dövrdə əlaqələrimizin daha da dərinləşməsində uğurlar arzulayıb. Söhbətdə səfir Cahit Bağçı səmimi görüşə görə minnətdarlığını bildirərək Azərbaycanda çox tarixi bir dövrdə səfir kimi fəaliyyətə başlamasından böyük şərəf duyduğunu qeyd edib. Türkiyə ilə Azərbaycan arasında strateji münasibətlərin möhkəm əsaslara malik olduğunu vurğulayan səfir bu münasibətlərin gələcəkdə də inkişaf edəcəyinə əminliyini ifadə edib.