27-29  oktyabr 2021-ci il tarixlərində AMEA-nın İdarəetmə Sistemləri İnstitutu, Azərbaycan Texniki Universiteti, Polşanın Sileziya Texnoloji Universiteti və Gürcüstanın Texniki Universitetinin birgə təşkilatçılığı ilə “Şərq-Qərb nəqliyyat dəhlizində logistika, idarəetmə və istismar problemləri” adlı beynəlxalq konfrans keçiriləcək.

Unikal.org xəbər verir ki, tədbirin əsas məqsədi elmi tədqiqat müəssisələrindən, universitetlərdən, beynəlxalq təşkilatlardan, dövlət və özəl sektorlardan olan nümayəndələri bir araya gətirib Şərq-Qərb nəqliyyat dəhlizi ilə yüklərin daşınması üçün təchizat zəncirində olan elmi və praktiki problemləri müzakirə etməkdir. 4-cü Sənaye inqilabının imkanlarını nəzərə almaqla, rəqəmsal texnologiya və rəqəmsal iqtisadiyyatın tətbiqi bu problemlərin həllində geniş istifadə oluna bilər.

Beynəlxalq tədbirdə Polşa, Almaniya, Rusiya, Ukrayna, Rumıniya, Litva, Gürcüstan, Bolqarıstan, Belarus, Qazaxıstan və digər ölkələrin nümayəndələrinin iştirakı nəzərdə tutulub.

Azərbaycan, ingilis, və rus dillərində keçiriləcək konfransa qəbul edilmiş məqalələrin IEEE Xplore elektron kitabxanasında yerləşdirilməsi və seçilmiş məqalələrin “Informatics and Control Problems” və SCOPUS bazasında 1.8 impakt faktorlu “Transport Problems” jurnallarında çapı planlaşdırılır.

Qeyd edək ki, Şərq-Qərb nəqliyyat dəhlizi keçmiş İpək Yolunun ayrılmaz hissəsi olub, regional iqtisadi əməkdaşlıq üçün yeni mexanizmlərin inkişafını tələb edən təşəbbüsdür. Üzv ölkələr arasında iqtisadi inkişafı, mədəni mübadiləni və kommunikasiyanı gücləndirir.

“Bir kəmər - bir yol” konsepsiyasının ayrılmaz hissəsi olan Şərq-Qərb dəhlizi ticarət yollarını, nəqliyyat və iqtisadi dəhlizləri yaxşılaşdırmaq və yeni ticarət yolları yaratmaq məqsədi daşıyır. Şərq-Qərb nəqliyyat dəhlizi, eyni zamanda Avropa ilə Çini birləşdirən ən qısa ticarət yolu hesab olunur.

Regionda yaranmış yeni geosiyasi vəziyyət Şərq-Qərb nəqliyyat dəhlizinə yeni ölkələrin cəlb olunmasına imkan verir, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizinin kəsişməsində yerləşən Azərbaycanın beynəlxalq ticarət-logistika mərkəzi olaraq əhəmiyyətini daha da artırır.