İyulun 12-də Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Unikal.org xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat xidməti yayıb.

Dövlət başçıları Tacikistan-Azərbaycan ikitərəfli münasibətlərinin aktual aspektlərini, xüsusən tərəflərin iqtisadi-ticari əlaqələrini müzakirə edərək, son illərdə bu əlaqələrin inkişafının müsbət dinamikasını vurğulayıblar.

Tərəflər Əfqanıstanda hazırkı hərbi-siyasi vəziyyətə xüsusi diqqət ayırıblar.

Bununla əlaqədar, Emoməli Rəhmon Əfqanıstanın Tacikistanla həmsərhəd əyalətlərində yaranmış həyəcanlı vəziyyət barədə Azərbaycan Prezidentini ətraflı məlumatlandıraraq, MDB-nin cənub sərhədlərində vəziyyətin kəskinləşməsinə görə ciddi narahatlıq ifadə edib.