“Milli Məclisin sədri Sahibə Qafarovanın Milli Məclisin deputatı olduğu, beynəlxalq təşkilatlardakı fəaliyyəti dövründə onun işində hansısa nöqsan tapa bilməyənlər onun sədr kimi fəaliyyətində səhv axtarmağa çalışırlar. Xüsusilə onun İrana səfəri zamanı bu dövlətin yeni seçilmiş prezidenti İbrahim Rəisi ilə görüşündə geyimini hədəf alanlar bilməlidirlər ki, bu, protokola uyğun atılan addımdır”.

Bu sözləri Unikal.org-a açıqlamasında sabiq deputat Çingiz Qənizadə bildirib.

O, Milli Məclisin sədri Sahibə Qafarovaya qarşı tənqidlərin əsassız olduğunu və bunun qaralama kampaniyası olduğunu bildirib:

“Bu protokol İran dövləti tərəfindən təkcə Azərbaycana deyil, digər dövlətlər üçün də tərtib edilir. Sahibə xanımı hədəf alan şüvənlərə demək istəyirəm ki, Azərbaycanı sevməyi, onun üçün mübarizə aparmağı Sahibə Qafarova kimilərdən öyrənsinlər. O, tək deyil. Sahibə xanımla Avropa Şurasının nümayəndə heyətində birgə olduğumuz, Avropa Parlamentində Parlament əməkdaşlıq komitəsində nümayəndə heyətində üzv olduğumuz dövrdə onun Azərbaycan üçün necə çalışdığının şahidi olmuşam. Ona görə də, indi ürəklə deyə bilirəm ki, Vətəni sevməyi ondan öyrənə bilərlər. Sahibə Qafarova tərəfindən İran parlamentinin Xocalı soyqırımını tanıması üçün təklifin irəli sürülməsi çox cəsarətli addımdır. Bu, onu tənqid edənlərə zərbədir. Yaxşı olardı ki, onun bu təklifi istiqamətində müsbət rəylərin formalaşdırılması üçün çıxışlar edilsin. Belə fikir formalaşdırmağa çalışırlar ki, Azərbaycanda vəzifədə olan hər kəs pisdir. Çayxanada oturub dövlət, Vətən üçün çalışanları qaralamağa çalışanlar düşünür ki, həmin kresloda otursalar, daha faydalı iş görə bilərlər. Bu düşüncəyə görə təəssüf edirəm. Təəssüf ki, ən nəcib insanlar da bu cür qaralama kampaniyalarından kənarda qala bilmirlər. Lakin hesab edirəm ki, Azərbaycan xalqının böyük əksəriyyəti ölkədə gedən islahatları, prosesləri görür, izləyir və alqışlayır”.

 Gülayə  Mecid