Cəbhədə vəziyyət gərginləşib
Erməni silahlı bölmələri bir neçə istiqamətdən mövqelərimizi atəşə tutub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, düşmən ordusu dünən və bu gecə Ermənistanın Berd rayonunun Çinarlı və Mosesqex kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq və Əlibəyli kəndlərində, Noyemberyan rayonunun Voskevan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Quşçuayrım kəndində yerləşən mövqelərimizi atəşə tutublar. Ağdam rayonunun işğal olunmuş Nəmirli, Qaraqaşlı və Şuraabad, Goranboy rayonunun Tapqaraqoyunlu, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri avtomat, pulemyot və iriçaplı pulemyotlardan atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.