Bakı şəhəri Binəqədi rayonu ərazisində tikinti işləri zamanı ağacların kəsilməsinə dair Ekologiya və Təbii Sərvətlər Nazirliyindən daxil olmuş məlumat əsasında Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində yoxlama aparılmışdır. 

Baş Prokurorluqdan Unikal.org-a verilən məlumata görə, araşdırma zamanı müəyyən edilmişdir ki, bələdiyyənin müvafiq qərarına və müqaviləyə əsasən bələdiyyənin inzibati ərazisi olan icarəyə verilmiş torpaq sahəsində tikinti işləri aparılarkən ərazidə mövcud olmuş ağac və kollar məhv edilmiş, nəticədə dövlətin təbiətin qorunmasına dair qanunla qorunan mənafelərinə 9 min manat məbləğində mühüm zərər vurulmuşdur. Eyni zamanda, tikinti zamanı ayrılmış torpaq sahəsindən əlavə bələdiyyə torpağının zəbt edilməsi də aşkar edilmişdir. 
Fakta görə Cinayət Məcəlləsinin 188.1 (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma), 259.2.4 (qanunsuz ağac kəsmə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 314.1-ci (səhlənkarlıq) maddələri ilə cinayət işi başlanılaraq istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilmişdir.
Hazırda iş üzrə ibtidai istintaq aparılır.

***

12:10

Azadlıq prospekti ilə Həsən Əliyev küçəsinin kəsişməsində ağacların dibinin asfaltlanması ilə bağlı sosial şəbəkədə yayılan görüntülər Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən dərhal araşdırılıb və fakt təsdiqini tapıb.

Bunu Unikal.org-a Xidmətin rəsmisi Vaqif Cavadov bildirib.

“Əməkdaşlarımızın nəzarəti altında Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin işçiləri tərəfindən ərazidəki ağacların dibi asfaltdan təmizlənib və onlara aqrotexniki xidmət göstərilib”.

V.Cavadov analoji halların təkrarlanmaması üçün yerli icra hakimiyyətlərinə müraciət edib.

"Belə halların baş verməməsi üçün, çox istərdik ki, yerli icra orqanları öz xidməti ərazilərində olan yaşıllıq sahələrinə, ağaclara həssaslıqla yanaşsınlar, bu cür halların təkrarlanmaması üçün nəzarəti gücləndirsinlər”.

Xidmət rəsmisi yaşıllıqlara qayğı ilə yanaşan, onların mühafizəsinə həssas münasibət göstərən ictimaiyyət və media nümayəndələrinə göstərdikləri vətəndaşlıq mövqeyinə və sayıqlıqlarına görə təşəkkür edib.

***

11:35

Bakı şəhərində ağacların dibi betonlanıb.

Unikal.org xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. 

Azadlıq prospekti ilə akademik Həsən Əliyev küçəsinin kəsişməsində ağacları budanıb, dibi isə betonlanıb. 

Murad İbrahimli