Sentyabrın 27-də prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında başlanan, noyabrın 10-u düşmənin kapitulasiya aktı ilə nəticələnən 44 günlük Vətən müharibəsinin, şanlı qələbəmizin nəticələrini bu gün hamılıqla yaşayırıq.

Ötən il cəbhədən aldığımız hər bir xəbər cənab prezident İlham Əliyevin “mən nəyi nə zaman, necə edəcəyimi bilirəm” cümləsinin, əsgərlərimizin hər bir addımı “İlhamla irəli” şüarının əyani göstəricisi idi. Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinin düşmən əsarətindən xilas edilməsinin ilkin təməli xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulmuşdur. Belə ki, Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycan Respublikasının rəhbəri kimi iştirak etdiyi bütün beynəlxalq tədbirlərdəki çıxışlarında Dağlıq Qarabağın xalqımıza məxsus olmasını bəyan etmiş, bu münaqişənin ilk növbədə sülh yolu ilə, danışıqlar vasitəsilə həll olunmasına tərəfdar olduğunu, dialoqla tarixi ədaləti bərpa etməyə səy göstərdiyini bildirsə də, müharibə yolu ilə də qələbəyə nail olmaq variantını nəzərə çarpdırmışdır.

Bu məqsədlə Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti kimi müstəqil dövlətin milli ordu quruculuğunun əsaslarını yaratmış və silahlı qüvvələrimizin peşəkar kadrlarla, yeni nəsil mütəxəssislərlə, müasir texnika ilə təchiz edilməsi istiqamətində əhəmiyyətli addımlar atmışdır.

Bütün bunlarla bərabər, Azərbaycan xalqının Dağlıq Qarabağda və ətraf ərazilərdə tam və qəti qələbəyə nail olması kimi tarixi missiyanı Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev həyata keçirmişdir. Bu məqsədlə Prezident İlham Əliyev, ilk növbədə, Azərbaycan Respublikasını iqtisadi cəhətdən inkişaf etdirilmiş ölkə səviyyəsinə çatdırmaq vəzifəsini uğurla yerinə yetirmişdir. Ölkəmizə rəhbərlik etdiyi 17 il ərzində İlham Əliyev Azərbaycan Respublikasında iqtisadi cəhətdən bütün sahələrdə şaxələnmiş böyük inkişafa nail olmağı təmin etmişdir. Beləliklə, Azərbaycan son 2 əsrlik tarixində ilk dəfədir ki, müharibədən ərazi itkisi ilə yox, ərazi bütövlüyünü bərpa edərək çıxır. Azərbaycan Prezidenti çıxışlarının birində bu barədə danışarkən, deyib: “Ordu quruculuğu mənim fəaliyyətimdə həmişə birinci yerdədir. Hərbçilər də, Azərbaycan xalqı da bunu bilir. Həmişə demişəm ki, ordumuz üçün nə lazımdırsa, biz onu da edəcəyik. Biz güclü, iradəli ordu yaratmışıq. Bu gün əks-hücum əməliyyatında bizim müxtəlif silahlı birləşmələrimiz iştirak edir və vahid komandanın rəhbərliyi altında əks-hücum əməliyyatı uğurla gedir. Bütün silahlı birləşmələr arasında koordinasiya tam şəkildə təmin edilib. Əminəm ki, bu əks-hücum əməliyyatının bundan sonra da uğurlu nəticələri olacaqdır”. Azərbaycan döyüş meydanında əldə etdiyi qələbə ilə Ağdam, Kəlbəcər, Laçın şəhərlərini qan tökmədən azad etdi, həmçinin dövlətimizin ciddi təkidi ilə bəyanata daxil edilən müddəa Naxçıvanın uzun illərdir düşdüyü blokadadan azad olunmasına şərait yaratdı. 30 ildən sonra Azərbaycanın qərb rayonları ilə Naxçıvanın quru əlaqəsi təmin ediləcək, vətəndaşlarımız tarixi, dədə-baba torpaqlarımızdan keçməklə Naxçıvana gedə biləcək. Beləliklə, əlaqələr daha da genişlənəcək və bunun sosial-iqtisadi əhəmiyyəti daha yüksək olacaq.

İlham Əliyev bundan əvvəl 2016-cı ildə Lələtəpədə və 2018-ci ildə Naxçıvanda uğurlu döyüş əməliyyatlarına rəhbərlik edərək, torpaqlarımızın bir hissəsini düşməndən azad etməyə nail olmaqla sonralar başlayacağı Vətən müharibəsinin ilk uğurlu addımını atmışdır.

Ölkəmizin Dağlıq Qarabağ və ətraf ərazilərində Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə erməni işğalçıları üzərində qazandığı hərbi-siyasi Zəfər xalqımızın çoxəsrlik tarixinin ən böyük hadisəsidir. Tarixən Türkiyəylə müttəfiqlik əlaqəsi olan Azərbaycanın vətən müharibəsindən sonra bölgədə yaratdığı yeni reallıq Türkiylə Azərbaycanın arasındakı əlaqələrin yeni müstəvidə inkişaf etməsini göstərdi. İki ölkə arasında imzalanan “Şuşa bəyənnaməsi” bu baxımdan mühüm əhəmiyyətə malikdir. Sənədin iyunun 15-də, Azərbaycanın Qurtuluş günündə Şuşada imzalanması təsadüfi deyil.

Müharibə müddətində öz mənəvi dəstəyini bir an olsun Azərbaycandan əskik etməyən Türkiyəyə Ulu Öndər Heydər Əliyevin dediyi kimi “tək millət iki dövlət” anlayışını dərinləşdirməyə hesablanıb.

Hər bir azərbaycanlı üçün əziz olan Qarabağın incisi Şuşa şəhərinin noyabrın 8-də iyirmi səkkiz illik əsarətdən qurtarılması müharibənin taleyində həlledici rol oynamış, düşmənin siyasi-hərbi rəhbərliyinin məğlubiyyəti etiraf etməsinə və hərbi əməliyyatları dayandırmasına səbəb olmuşdur. Əsgərlərimizin izilə yeni salınan zəfər yolu, zəfərimizin açarı olan Şuşa şəhərinin Azərbaycanın ümumi enerji sisteminə qoşulması, Kəlbəcər, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilanda tikilən yarım stansiyalar, Laçın, Zəngilanda təməli qoyulan və artıq Füzulidə açılışı olan beynəlxalq hava limanı bizim bu torpaqların əbədi və əzəli sakini kimi dünyaya öz haqlı mövqeyimizi açıq-aşkar göstərir.

Bu müharibənin qalibləri Ali Baş Komandan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və müzəffər Azərbaycan Ordusu, Azərbaycan əsgəri və Xalqımızdır!

Prezident İlham Əliyevin sərəncamı ilə təsis edilmiş 8 noyabr Zəfər Günü çoxəsrlik Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış parlaq hadisədir. Bu, Ali Baş Komandan İlham Əliyevin, xalqımızın və rəşadətli Ordumuzun qazandığı böyük tarixi Zəfərdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qardaş Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə qalib ölkə kimi birlikdə keçirdiyi Zəfər paradı qəhrəmanlıq salnaməmizin nadir tarixi hadisəsidir. Böyük Zəfər Günü - gələcək daha böyük zəfərlərin bələdçisi və təminatçısıdır.

Ali Baş Komandan İlham Əliyevin və qəhrəman Azərbaycan Ordusunun qazandığı Böyük Zəfər Günü ölkəmizə, regiona və dünyaya daha böyük zəfərlər vəd edir. Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin siyasi kursunu nəinki uğurla davam etdirir, o ata vəsiyyətini yerinə yetirərək müstəqil Azərbaycanı həm də qalib Azərbaycan kimi dünyaya bir daha tanıtdırır.

Allah şəhidlərimizə rəhmət, Qazilərimizə möhkəm can sağlığı versin!

Zəfərimiz mübarək olsun! Zəfərin mübarək doğma, Azərbaycan!

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Mühafizə alayının 1-ci atıcı bölüyününün komandirinin  tərbiyə işləri üzrə müavini, ədliyyə baş leytenantı Naibov Naib Nəriman ğlu