Noyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva İsmayıllıya səfər çərçivəsində Lahıc qəsəbəsində olublar.

Unikal.org xəbər verir ki, dövlətimizin başçısı və birinci xanım qəsəbəni gəzib, sakinlərlə söhbət ediblər.

Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Lahıcdakı Bədöyün məscidində aparılan bərpa-təmir işləri ilə tanış olublar.

Qeyd edək ki, 2019-cu ildə Birinci vitse-prezident Mehriban Əliyeva İsmayıllı rayonunun Lahıc qəsəbəsində səfərdə olarkən sakinlər Bədöyün məscidinin təmiri ilə bağlı müraciət etmişdilər. Birinci vitse-prezident məsciddəki vəziyyətlə tanış olmuş və burada əsaslı təmir işlərinin aparılması barədə tapşırıq vermişdi.

Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərov məlumat verdi ki, ötən müddət ərzində 1791-ci ildə inşa edilən Bədöyün məscidində və ətraf ərazilərdə Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa-təmir işləri aparılıb. Görülən işlər nəticəsində məscid orijinal formasına uyğun bərpa edilib. Məscidin minarəsi yenidən qurulub, dəstəmazxana inşa olunub. Məscidin qadınlar üçün nəzərdə tutulan hücrə və şəbəkələri əvvəlki görünüşünə qaytarılıb.

Qeyd edək ki, Heydər Əliyev Fondu fəaliyyət göstərdiyi ilk gündən Azərbaycanda müxtəlif sahələri əhatə edən layihə və proqramlar həyata keçirir. Fondun tarixi, mədəni və dini abidələrin qorunub saxlanılması və bərpası istiqamətindəki fəaliyyəti mühüm əhəmiyyət kəsb edir. Azərbaycan xalqının milli sərvəti olan dini abidələrimizin, məscidlərimizin bərpası üzrə layihələr çərçivəsində bölgələrdəki ziyarətgahlarımızın bərpası, konservasiyası və yenidən qurulması həyata keçirilir.

Onu da deyək ki, Lahıcda aparılan yenidənqurma işləri çərçivəsində qəsəbədə küçə döşəmələri, bulaqlar və eyvanların tarixi görünüşü də bərpa edilir, ərazidə oturacaqlar, tullantı qabları, gül dibçəkləri, tarixi quruluşlu işıq dirəkləri, küçə və abidə adları olan, eyni zamanda, turistik obyektləri göstərən lövhələr quraşdırılır.

Görülən işlər turistlərin Lahıca olan marağını daha da artırıb. Hər il bura gələn turistlərin sayında artım müşahidə edilir. Belə ki, 2019-cu ildə Lahıca 89 min nəfər turist gəlib. Onun da 37 minini xarici turistlər təşkil edib. Bu ilin sentyabrına qədər isə artıq Lahıcı 82 min turist ziyarət edib.

***

16:57

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 1-də İsmayıllı rayonunda səfərdə olublar.

Unikal.org xəbər verir ki, dövlətimizin başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva xalqımızın ümummilli lideri Heydər Əliyevin İsmayıllı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydular.

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov rayonda görülən abadlıq-quruculuq işləri barədə dövlətimizin başçısına və birinci xanıma məlumat verdi.

Bildirildi ki, bu il İsmayıllı şəhərinin Babək küçəsində ideya və üslub baxımından fərqli abadlıq işlərinə start verilib. Şəhərin Heydər Əliyev Parkına aparan, uzunluğu 400 metrə yaxın olan küçəsindəki abadlıq işləri rayonun gənc rəssamlarının birgə ideyaları əsasında həyata keçirilib. Küçədə yerləşən həyətyanı sahələrin hasarları müəyyən hündürlüyə çatdırılıb, divar üzlükləri təmir olunub, hasar damlarına keramik rəngli dəmir örtük vurulub. Ümumi görünüşə rəng qatmaq üçün darvazalar əlvan rənglərlə boyanıb, divarların fasadında dekorativ pəncərələr, skamyalar və gül dibçəkləri yerləşdirilib. Yolboyu divarlar küçə rəssamlıq sənət nümunələri ilə bəzədilib. Xüsusi memarlıq görünüşünü özündə ehtiva edən abadlıq işləri həm rayon sakinlərinin, həm də İsmayıllıya gələn qonaqların marağına səbəb olub.

Qeyd edək ki, Azərbaycanda biosmart avtobus dayanacağı ilk dəfə İsmayıllıda ötən il quraşdırılıb. Onun əsas üstünlüyü pulsuz vayfayı, təhlükəsizlik kamerası, dezinfeksiya duşu, mini barı, enerji doldurma portu, USB girişinin olmasıdır. Dayanacaq Günəş enerjisi ilə işləyir və 8 oturacağı var. Bu il daha bir dayanacaq quraşdırılıb. Onu digərindən fərqləndirən cəhət sensor qapılarının və kondisionerinin olmasıdır.

Şəhərdə aparılan abadlıq-quruculuq işləri Heydər Əliyev Parkını da əhatə edib. Parkda attraksionlar, yeni trenajorlar quraşdırılıb. Bununla yanaşı, yenidənqurma işləri çərçivəsində parkda yeni bəzək gül kolları və ağaclar əkilib, oturacaqlar yenilənib, işıq sistemi dəyişdirilib. Bu il şəhərin bir neçə küçəsinin asfaltlanması başa çatdırılıb.