Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası noyabrın 3-4-də “8 Noyabr - Zəfər Günü”nə həsr olunan “İdman elmində innovasiyalar” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirəcək.

Unikal.org xəbər verir ki,  konfransın məqsədi idmanda qarşıya çıxan müxtəlif problemləri müzakirə etmək, idmanın inkişaf tendensiyalarını, innovativ idman layihələrini müəyyən etmək üçün elmi işçilərin və mütəxəssislərin səylərinin birləşdirilməsidir.

Konfransın açılışı noyabrın 3-də saat 10:00-da onlayn şəkildə baş tutacaq. Daha sonra iki gün ərzində “İdmançıların hazırlıq sisteminin təkmilləşdirilməsi”, “Bədən tərbiyəsində kütləvilik və sağlam həyat tərzinin formalaşdırılması” və “Bədən tərbiyəsi və idman fəaliyyətinin təşkili” bölmələrində iclaslar ADBTİA-nın akt zalında baş tutacaq.

Konfransın materialları ADBTİA-nın “Elmi Xəbərlər” jurnalında dərc ediləcək.