8 Noyabr - Zəfər Günü münasibətilə noyabrın 5-də Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin və Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Vətən müharibəsində iştirak etmiş hərbi qulluqçuları, o cümlədən qazilər ilə görüş keçirilib.

Hərbi Prokurorluğun mətbuat xidmətindən Unikal.org-a bildiriblər ki, mərasim iştirakçıları əvvəlcə Hərbi Prokurorluğun inzibati binasında yerləşən “Heydər Əliyev guşəsi”ndə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək, böyük şəxsiyyətin əziz və unudulmaz xatirəsinə olan dərin ehtiramlarını ifadə ediblər.

Tədbirdən öncə mərasim iştirakçıları ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz və unudulmaz xatirəsini bir dəqiqəlik sükutla yad edib, bütün qazilərə şəfa diləyiblər.

Azərbaycan Respublikası Baş prokurorunun müavini – Azərbaycan Respublikasının Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev tədbiri açıq elan edərək mərasim iştirakçılarını 8 Noyabr - Zəfər Günü münasibətilə təbrik edərək onlara xoş arzularını bildirib.

Hərbi prokuror Xanlar Vəliyev Vətən müharibəsində iştirak etməklə xidməti vəzifələrini layiqincə icra edən şəxslərə dərin təşəkkürünü bildirərək qeyd edib ki, Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə Vətən müharibəsi iştirakçılarının müxtəlif orden və medallarla təltif olunması onların xidmətinə dövlət səviyyəsində verilən yüksək dəyərin təcəssümüdür.

Sonda Vətən müharibəsində iştirak edən şəxslərə hədiyyələr təqdim edilib.