Azərbaycan xalqı rəşadətli Ordumuzun ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin mahir sərkərdəlik bacarığı ilə 44 günlük Vətən Müharibəsində düşmən üzərində qazandığı möhtəşəm tarixi qələbənin birinci ildönümünü böyük təntənə ilə bayram edir.

Unikal.org xəbər verir ki, bayram tədbirləri ölkəmizin hər yerində olduğu kimi Lənkəran şəhərində də ümumxalq sevinci və coşqu ilə keçirilir. Vətən müharibəsində lənkəranlı gənclər də könüllü olaraq cəbhəyə gedib düşməni məhv etmək üçün döyüşə atılıblar. Ürəkləri Vətən eşqi ilə yanan bu gənclərdən 66 nəfəri qəhrəmancasına şəhid olub, 100-dən çoxu yaralanıb. İgid oğulları ilə fəxr edən lənkəranlılar xalqımızı çoxillik arzularına çatdıran Qələbə bayramını-Zəfər gününü  hədsiz sevinc hissi ilə bayram edirlər. Bu münasibətlə Lənkəran şəhərində Şəhidlər Xatirə Abidə-Kompleksi qarşısında 8 Noyabr-Zəfər günü münasibətilə izdihamlı bayram tədbiri keçirilib. Tədbirdə Lənkəran ŞİH başçısı Taleh Qaraşov, İcra hakimiyyətinin rəsmiləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbər işçiləri, şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi qaziləri, ictimaiyyət və mətbuat nümayəndələri iştirak ediblər. Dövlət bayraqları ilə bəzədilmiş Şəhidlər xiyabanında  səhərin erkən saatlarından qələbəlik hökm sürürdü.

İcra başçısı Şəhidlər Xatirə Abidə Kompleksini və xiyabanda dəfn olunmuş şəhidlərin məzarlarını ziyarət edib üzərilərinə tər çiçəklər düzüb. Sonra tədbir iştirakçıları növbəli şəkildə əllərində gül-çiçək dəstələri ilə abidə kompleksini ziyarət  ediblər. Tədbir zamanı könüllülər tərəfindən şəhidlərin şərəfinə havaya 66 iri həcmli balonlar buraxılıb. Sonra bayram tədbiri şəhər Mədəniyyət Mərkəzində davam etdirilib. İcra başçısı və tədbir iştirakçıları Mərkəzdə açılmış şəhidlərə həsr olunmuş rəsm sərgisi ilə tanış olub, tamaşa salonunda Lənkəran şəhidləri barədə çəkilmiş filmə baxıblar.Tədbir bayram konserti ilə başa çatıb.