Bu hadisə fiziki şəxs kimi Vergilər Nazirliyində qeydiyyatdan keçən bir şəxsin başına gəlib. Keçən ilin sonuna yaxın onu vergiyə çağırmışdılar. 2011-ci ilin 3-cü rübünün nəticələri ilə 2012-ci ilin 3-cü rübünün nəticələri arasında uyğunsuzluq olduğunu yazmışdılar-dövriyyə artdığı halda, işçi sayı azalıb. Yəni nəsə uyğunsuzluq olduğunu aşkarlamışdılar. Həmin şəxs gedib, anladıb ki, o yaraıcılıq fəaliyyəi və çap nəhsullarının redaktəsi, sifarişi ilə məşğul olurmuş . İşçisi də yalnız qələm və kağız, uzaqbaşı diktofonu, kompüter ola bilər. Yəni bunlardan artıq işçi götürməyə nə həvəsi var, nə də maddi durumu buna imkan verir. İzah etdilər ki, həmin məktub vergi sistemində tətbiq edilən yeni proqramm təminatının zəhmətinin nəticəsidir-məlum oldu ki, 2011-ci ilin 3-cü rübü üçün onun təqdim etdiyi bəyannamədə səhv olaraq 1 nəfər işçi olduğunu göstərib və 2012-ci il üçünsə işçi sayı doğru olaraq "0" göstərilib, halbuki hesabına daxil olan vəsait bir qədər artıb. El dili ilə desək, "kompüter bu gerçəyi ortaya çıxarıb". Əlqərəz, xırda bir izahat yazmaqla duruma aydınlıq gətirilib.

Amma ANS PRESS-in araşdırmasına görə, bu proqramın dəqiq nöqtəsinə düşdüyü məqamlar da az olmayıb. Yəni iş adamı dövriyyəsi artdığı halda işçilərin sayının kağız üzərində azaltmaqla bir sıra vergilərdən yayınmağa çalışır. Təbii ki, belə yerlər üçün xüsusi səyyar yoxlama gedir və vergi nəzarətindən kənar çalışan işçilər leqallaşdırılır. Nazirliyin əmək haqlarının leqallaşdırılması üzrə apardığı fəaliyyət nəticəsində 2013-cü ilin əvvəlinə kimi 55 min işəgötürən öz işçiləri ilə 180 min əmək müqaviləsi bağlamağa məcbur edilib. Bununla da Azərbaycanda muzdlu işçilərin sayı 1,5 milyona qədər qalxıb.

Nazirlikdən verilən məlumata görə, bu istiqamətdə işlər on ildən çoxdur ki, ardıcıl olaraq davam etdirilir. Əsas diqqət vergi prosedurlarının sadədəşdirilməsinə, elektronlaşdırmasına yönəldilib. Təsadüfi deyil ki, Vergilər Nazirliyi Azərbaycanın dövlət qurumları arasında ən çox sayda elekton xidmət təqdim edən orqandır. Belə xidmətlərin sayı artıq 57-ə çatıb, onların faktiki olaraq 46-ı işləyir, 11 xidmət üzrə işlər yekun mərhələsindədir.

Elektron bəyyanamələr vergi ödəyicilərinin işini rahatlaşdırır və bu da işi leqallaşdırmaya yardım edir. Yəni vergidən yayınanlar arasında dəftərxana süründürməçiliyindən uzaq durmağa çalışanlar da az deyil. Belə adamlar heç bir sənəd-filan imzalamadan kiməsə "aylıq haqq" ödəyib başlarını aşağı salıb rahat isləyirlər. Bəzən ödənən bu vəsait rəsmi vergiyə ödəniləndən xeyli yüksək olur.

Bu baxımdan vergi prosedurlarının sürətləndirilməsi də xüsusi əhəmiyyət kəsb edir: Hazırda Azərbaycanın vergiödəyiciləri il boyunca vergi bəyannamələrinin doldurulmasına və vergilərin ödənilməsinə 214 saat sərf edirlər ki, bu, 2007-ci ilin göstəricisinə baxanda 4,7 dəfə aşağıdır. "Doing-Business-2013" hesabatına görə, həmin müddət ərzində illik ödənişlərin sayı 2 dəfə azalaraq 18-ə düşüb.

Bütün bunlar iş adamlarını vergi nəzarəti altına girməyə meylləndirib. Təsadüfi deyil ki, 2000 - 2012-ci illərdə Azərbaycanda vergi ödəyicilərinin sayı 3 dəfə artıb, həmçinin 2012-ci ildə dövlət büdcəsinə vergi ödəyişlərinin həcmi 2000-ci ilə baxanda 12 dəfə artıb.

Lakin bütün bunlar yertərli deyil və 2021-ci ilə kimi Azərbaycanda neftdənkənar bölmə üzrə dövlət büdcəsinə daxilolmaların keçən ilki göstəricilərə nisbətən üç dəfə artırılması nəzərdə tutulur. Yəni vergi nəzarəti dəflərlə genişlənməli və dərinləşdirilməlidir. Hökumət bu işin öhdəsindən gələ biləcəkmi?

ANS PRESS-in araşdırmasına görə, bu mümkündür. İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin rəhbəri Azər Mehtiyev ölkə iqtisadiyatında bununla bağlı yetərincə imkanların olduğunu vurğulayır: "Rəsmi statistikaya görə, Azərbaycanda 1,5 milyon nəfər muzdlu işçi var. Bunun 1,2 milyonu dövlət sektorunda və dövlətin nəzarətinə olan müəssisələrdə işləyirlər. Yəni bizim özəl sektor o qədər kiçikdir ki, oradakı işçi sayı cəmi 300 mindir?" İqtisadçı ekspertin sözlərinə görə, hansısa vergisiz işləyən xırda sənətkarları, dayələri, ailə sürücülərini axtarmaqla bu işin öhdəsindən gəlmək olmaz: "Bu gün ölkə iqtisadiyyatında daha çox məşğul olan, amma qeydiyyata alınmayan sektorlar məhz iri oliqarxların nəzarətində olan sektorlardır. Buraya tikinti sektorunda işləyənlər, restoran xidməti - şadlıq evlərində xidmət göstərənlər, otellərə, iri oliqarxların imperiyalarına daxil olan müəssisələrində işləyənlər - faktiki olaraq 1 milyona yaxın insanla əmək müqaviləsi bağlanmır. Faktiki olaraq, onlar fiziki şəxslərin gəlir vergisini və sosial müdafiə vergisini ödəmirlər. İri oliqarxların müssisələri həmin adamların gəlirlərini gizlətməklə, həm də özlərinin iqtisadi fəaliyyətini leqallaşdırmağa manne olmağa çalışırlar",- deyə Azər Mehtiyev vurğulayır.

İqtisadçı ekspertin fikrincə, ümumi daxili məhsul (ÜDM) səviyyəsində götürəndə bu müssisələrin istehsalı neftdənkənar sektorun 60 faizi qədərdir: "Əgər vergidən yayınan iqtisadiyyat bu gün leqallaşdırıla bilərsə, Azərbaycanda neftdənkənar bölməyə aid ÜDM-i 2 dəfədən çox artırmaq mümkündür. Uyğun olaraq, bu sektordan daxil olan vergilər də elə bu qədər arta bilər".

Vergidən yayınan oliqarxlar - ARAŞDIRMA