Bu gün Qubadlı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Sumqayıt şəhəri 26-cı məhəllədə binanın qarşısında Vətən müharibəsində şəhid olmuş Sarıyataq kənd sakini Məhərrəmov Ülvi Tahir oğlu və Sumqayıt şəhər sakini Hüseynov Ülvi Möhsün oğlunun xatirəsinə həsr olunmuş şəkil barelyefinin açılışı olub.

"Unikal" xəbər verir ki, tədbirdə Qubadlı rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov və Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının müavini Teymur Səmədov, həmçinin Milli Məclisin deputatı Müşviq Məmmədli, Sumqayıt şəhər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Xidmətinin rəisi general Natiq Qarayev və digər qonaqlar iştirak edib. 

Tədbir iştirakçıları əvvəlcə torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş Vətən müharibəsi şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Sonra Azərbaycan Respublikası Müdafiə Nazirliyinin əməkdaşı çıxış edərək Müdafiə Naziri Zakir Həsənovun salamlarını çatdırıb, çıxışdan sonra hərbi orkestr səsləndirilib. 

Qubadlı rayonun Sarıyataq kənd sakini Məhərrəmov Ülvi Tahir oğlu Vətən müharibəsində vətənin müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak edib. O, 14 oktyabr 2020-ci ildə Xocavənd rayonu ərazisində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Şəhidimiz Sumqayıt şəhər “Şəhidlər xiyabanı"nda dəfn olunub.

Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə Məhərrəmov Ülvi Tahir  oğlu ölümündən sonra “Vətən uğrunda” medalı, “Xocavəndin azad olunmasına görə” medalı, “Şuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Rəşadət ordeni”, “Cəsur döyüşçü” medalları ilə təltif edilmişdir. 

Ordubad rayonunun Sabir kəndində anadan olan Ülvü Möhsün oğlu Hüseynov ordu sıralarında  kapitan kimi xidmət edib. O, noyabrın 7-də Şuşa döyüşləri zamanı snayper gülləsi nəticəsində şəhid olub. 

Ölümündən sonra Ü.Hüseynov “Vətən müharibəsi Qəhrəmanı”, “Vətən uğrunda”, “Qarabağ ordeni", "Cəbrayılın azad olunmasına görə”, "Şuşanın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Şücaətə görə" medalları ilə təltif edilib.