Narkoqaçaqmalçılıq faktları azalsa da, 2021-ci ildə əsasən yükdaşımalarla bağlı qanunsuz dövriyyədən götürülmüş narkotiklərin miqdarında kəskin artım qeydə alınıb. 

"Unikal" xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsi Əməliyyat-istintaq Baş İdarəsi rəisinin 1-ci müavini, gömrük xidməti general-mayoru Güloğlan Muradlı deyib.  

Onun sözlərinə görə, Azərbaycan hüquq-mühafizə orqanlarının tarixində rekord miqdarda- 3 ton 43 kq 507 qram  narkotik vasitələr və  psixotrop maddələr qanunsuz dövriyyədən götürülüb. 

"2020-ci illə müqayisədə 2021-ci ildə götürülmüş narkotiklərin miqdarı 2 dəfədən çox artıb. 2021-ci ildə götürülmüş narkotiklərin içərisində daha ağır və təhlükəli narkotiklər olan heroin və metamfetaminin xüsusi çəkisinin kəskin artması ciddi narahatçılıq doğurur. Belə ki, 622 kq 75 qramı maye halında olmaqla 2 ton 106 kq 134 qram heroin (2020-ci illə müqayisədə 47 % çox), 194 kq 122 qram metamfetamin (2020-ci illə müqayisədə 30 dəfə çox) tutulub ki, bu da ümumi götürülmüş narkotiklərin 75%-dən çoxunu təşkil edir. Bundan əlavə 2021-ci ildə 698  kq 247 qram tiryək, 44 kq 672 qram həşiş və digər  maddələr də qanunsuz dövriyyədən çıxarılıb.

Anar Kəlbiyev