"Pandemiya ilə bağlı əsas problem qapalı yerdə maska taxmaq deyil. Bağlı yerdə maska taxırıq, özümüzü qoruyuruq. Bu, insanlarımıza sosial problem yaşatmır".

Bunu "Unikal"a açıqlamasında deputat Razi Nurullayev deyib. Onun sözlərinə görə, pandemiyanın yaratdığı daha ciddi problemlər var:

"İlk növbədə quru sərhədlərinin açılması çox vacibdir. 10 mindən çox vətəndaşımız Dağıstan-Azərbaycan sərhədində qalıb. Həmçinin, ölkəmizə quru sərhədi ilə gəlmək istəyən xeyli turist var. Quru sərhədi vasitəsilə Azərbaycanla ticarət etmək istəyən vətəndaşlar, ölkələr var. Türkiyə Azərbaycan və Gürcüstanla quru sərhədlərini açıb, amma biz açmamışıq. Bu bizə iqtisadi cəhətdən çətinlik yaradır. Xaricdən Azərbaycana qayıdarkən PCR testinin istənilməsi aradan qaldırılmalıdır. PCR testi verməyən vətəndaş hansı ölkədə olursa-olsun Azərbaycan gələ bilmir. Bəzən bu testin alınması üçün 4-5 saat zaman tələb olunur. Xarici ölkədə test götürülür, bir gün sonra isə verilir. Elə hallar olur ki, zamanında testin nəticəsi göndərilmir və yaxud dəyişik salınır. Bu cür hadisə ilə özüm rastlaşmışam. Ölkəmizə gələnlərdən PCR testinin istənilməsi işi çətinləşdirir". 

Deputat qeyd edib ki, COVID-19 pasportunun ləğv edilməsi yaxşı olardı: "COVID-19 pasportunun qalması problem yaratmır, amma buna lüzum görmürəm. Pandemiyanın sürəti xeyli azalıb. O baxımdan COVID-19 pasportunun ləğv olunmasına ehtiyac var".

Anar Kəlbiyev