Prezident İlham Əliyevin sərəncamı ilə elan edilmiş “Şuşa ili” tədbirləri çərçivəsində Azərbaycan Memarlıq və İnşaat Universiteti, Mədəniyyət Nazirliyi və Təhsil Nazirliyinin dəstəyi ilə  “Qarabağ və Şərqi Zəngəzurun memarlıq irsi. Bərpa, qorunma və istifadə problemləri” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirib. 

"Unikal" xəbər verir ki, konfrans Azərbaycan memarlıq irsinin qorunması və istifadəsinin geniş spektrli problemlərinə, Qarabağ və Şərqi Zəngəzur ərazisində qədim dövrlərdən qorunub saxlanılan və 30 ilə yaxın işğal nəticəsində böyük ziyan görmüş Azərbaycan memarlıq irsinin bərpası və qorunması problemlərinə, eləcə də regionun şəhərsalma inkişafıvə digər məsələlərə həsr olunub. Beynəlxalq konfransda respublikanın ali təhsil müəssisələri və elmi təşkilatlarının nümayəndələri ilə yanaşı,Türkiyə, İtaliya, Qazaxıstandan gəlmiş alimlər iştirak ediblər.

AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova qonaqları salamlayaraq konfransın bütün iştirakçılarına öz işlərində uğurlar arzulayıb. İşğaldan azad olunmuş torpaqlarımızda başlayan genişmiqyaslı quruculuq və abadlıq işlərindən danışan rektor qeyd edib ki, yenidənqurma işləri ilə yanaşı, həmin ərazilərdə ötən əsrlərdən yadigar qalan, tariximizi yaşadan və təəssüf ki, 30 illik işğal dövründə düşmənlərimiz tərəfindən məhv edilən, saxtalaşdırılan memarlıq abidələrimizin bərpası, memarlıq və şəhərsalma irsinin mühafizəsi bu gün qarşıda duran ən mühüm vəzifələrdəndir.

Daha sonra “Qarabağın və Şərqi Zəngəzurun memarlıq irsi”, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında mədəni irsə qarşı həyata keçirilmiş vandalizm”,  İtaliya Mədəniyyət Nazirliyinin sabiq nümayyəndəsi, bərpa və müharibədən sonrakı beynəlxalq ssenarilər üzrə ekspert və 2016-2018-ci illərdə Azərbaycanın milli mədəni irsin qorunması sisteminin modernləşdirilməsi ilə bağlı Avropa İttifaqı tərəfindən maliyyələşdirilən layihənin müşaviri Alessandro Bianki “Qarabağın azad edilməsi. Azərbaycan irsinin qorunması və idarə olunması sahəsində irəliləyiş fürsəti” mövzusunda məruzələrlə çıxış ediblər. 

Tanınmış yerli və xarici alimlərin iştirakı ilə keçirilən konfransda işğaldan azad edilmiş ərazilərdə yerləşən memarlıq abidələrinin reabilitasiyası üçün müxtəlif fikirlər, təkliflər səsləndirilib.
Konfrans öz işini sessiyalarda davam etdirib, 4 seksiya üzrə Beynəlxalq Elmi Komitə tərəfindən təsdiqlənmiş 50-ə yaxın məruzə dinlənilib. Bunlardan 20-si Türkiyə, İtaliya, Qazaxıstan, Çin alimləri tərəfindən təşkilat komitəsinə təqdim edilmiş məruzələr olub. Konfrans hibrid – həm onlayn, həm də əyani formada keçirilib. 

Fotolar: Turqut Sultan