Rusiya prezidenti Vladimir Putin Avropa üçün ən böyük qaz qovşağının Türkiyədə yaradılmasını təklif edib.

"Unikal" xəbər verir ki, “Rusiya Enerji Həftəsi” forumunda çıxışı zamanı o qeyd edib ki, Rusiya qaz tranzitini “Şimal axını”ndan Qara dəniz regionuna və Türkiyəyə daşıya bilər.

“Şimal axını ilə, Baltik dənizinin dibi boyunca itirilmiş tranzit həcminə görə biz də Qara dəniz bölgəsinə keçə və beləliklə, öz yanacağımızı, təbii qazımızı Türkiyə üzərindən Avropaya nəql etmək üçün əsas marşrutlar yarada bilərik. Türkiyə Avropanın ən böyük qaz qovşağıdırsa, əlbəttə ki, tərəfdaşlarımız bunda maraqlıdırlar”.

Bu məsələ Astanada Rusiya liderinin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşündə müzakirə mövzusuna çevrilə bilər.

Putinin “Şimal axını”ndan qaz tranzitinin Qara dənizə daşınmasının mümkünlüyü ilə bağlı ideyası cümə axşamı Astanada türkiyəli həmkarı Tayyib Ərdoğanla görüşündə müzakirə olunacaq.

Rusiya Federasiyası baş nazirinin müavini Aleksandr Novakın sözlərinə görə, Rusiya Türkiyəyə neft tədarükünü artırmağa hazırdır, ölkə bununla maraqlanır, məsələ kommersiya şirkətləri səviyyəsində həll olunur. Türkiyə Respublikasının enerji və təbii sərvətlər naziri Fatih Dönməz təşəbbüslə bağlı deyib: “Biz bu təklifi ilk dəfə eşidirik, indidən danışmaq tezdir. Bəzi hüquqi, ticarət-iqtisadi, texniki məsələləri müzakirə etməliyik. Bilirsiniz ki, biz etibarlı tərəfdaşıq və bir çox layihələr həyata keçirmişik. Hesab edirəm ki, prezidentin təklifi müzakirə olunmalıdır və bu, mümkündür”.

Gültəkin Ələsgər