Rusiyanın Ukraynanın paytaxtına ilk raket hücumundan sonra ölkə rəhbəri Volodimir Zelenski paytaxt əhalisini təxliyə etmək təklifi alıb. 

"Unikal" xəbər verir ki, bu barədə Zelenski mətbuat konfransında danışıb.  

Lakin o, bu ideyanın təşəbbüskarlarının adını çəkməyib.

"Kiyevə ilk raket hücumu olanda paytaxtın - bütün əhalinin boşaldılması, bütün infrastrukturun, mağazaların bağlanması, elektrik enerjisinin kəsilməsi təklifi var idi. Bu, raket zərbələrinin ilk günü idi. Mən sual verdim ki, ölkə boyu raket zərbələri olanda biz insanları hara evakuasiya edəcəyik? Polşaya, Rumıniyaya?", - deyə Zelenski bildirib.

Ukrayna prezidenti qeyd edib ki, rus işğalçıları və hakimiyyət orqanları Ukraynanın bütün ərazisinə raket zərbələri endirirlər. Amma bütün bunlara baxmayaraq, insanlar hələ də Kiyevdə  yaşayır və işləyirlər:

"Çıxıb deyə bilərsiniz - bu gün raket atıldı, sabah da atıla bilər. Sizcə ölkəni avtomat silahlı adamlar müdafiə etməlidir? Onların arvadları, uşaqları yoxdurmu? Onlar üçün motivasiya ailələridir. Əgər ailələri gedibsə, nəyi qoruyurlar? Onlar torpaqlarını qoruyurlar. Həmin şəxslər olmasaydı, biz dövlətimizi itirərdik”, - o əlavə edib.

Gülayə Mecid