ABŞ prezidenti Co Bayden 1945-ci ildə atom bombası ilə vurulmuş Naqasakiyə səfər edən ilk Amerika lideri olacaq. 

"Unikal" xəbər verir ki,  bu barədə Yaponiyanın “Yomiuri” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.

Nəşr bildirir ki, bu məsələ hökumət səviyyəsində müzakirə olunur. Beləliklə, ABŞ və Yaponiya nüvə silahlarından azad bir dünyaya nail olmaq üçün birgə səylərin vacibliyini nümayiş etdirmək istəyirlər. Naqasaki administrasiyası və yerli sakinlər Baydenin mümkün səfərində əsas rol oynayacaqlar. Səfərlə bağlı tənzimləmələrə əsasən, Bayden Urakami Katolik Katedralində kütləvi mərasimdə iştirak edəcək. 

Xatırladaq ki, 1945-ci il avqustun 6-da İkinci Dünya Müharibəsi zamanı ABŞ Hərbi Hava Qüvvələrinin bombardmançı təyyarəsi Yaponiyanın Xirosima şəhərinə ilk atom bombasını atmışdı. Birinci partlayışdan cəmi üç gün sonra, avqustun 9-da ABŞ ikinci atom bombasını bu dəfə Yaponiyanın Naqasaki şəhərinə atdı və bu da öz növbəsində təxminən on minlərlə insanın ölümü ilə nəticələnib. 

Faciələrin qurbanlarının ümumi sayı 450 mindən çoxdur. Sağ qalanlar hələ də radiasiyaya məruz qalma nəticəsində yaranan xəstəliklərdən əziyyət çəkirlər.

Gülayə Mecid