Almaniyada Hitler dövründə nasist düşərgəsinin katibi vəzifəsində çalışan 97 yaşlı qadın hakim qarşısına çıxıb. 

"Unikal" xəbər verir ki,  bu gün İkinci Dünya Müharibəsi zamanı 18 yaşında Stutthof həbs düşərgəsində işləməyə başlayan İrmqard Furçner adlı qadının məhkəməsi baş tutub. 

O, həbs düşərgəsində xidmət etdiyi və soyqırımın şahidi olduğu üçün qətldə şərik olmaqda təqsirli bilinib. 2 il müddətinə azadlıqdan məhrum edilən qadın “1943-cü ilin iyunundan 1945-ci ilin aprelinə qədər həbs düşərgələrində saxlanılan insanlara qarşı həyata keçirilən sistematik soyqırıma kömək etmək” ittihamı ilə cəzalandırılıb.

Furçnerin vəkilləri isə 97 yaşlı qadının soyqırım və zorakılıqdan xəbəri və bunu sübut edəcək heç bir dəlillərinin olmadığını bildirərək, Furçnerin yalnız katiblik etdiyini iddia ediblər. Furçner isə “Baş verənlərə görə çox təəssüflənirəm və o vaxt Stutthofda olduğum üçün çox təəssüflənirəm”,- deyə açıqlama verib. 

Furçnerin işlədiyi həbs düşərgəsi Polşanın Qdansk şəhəri yaxınlığında yerləşirdi və burada əsasən Polşa və Sovet İttifaqından olan məhbuslar saxlanılırdı. Düşərgədə həyatını itirən 11 412 nəfərin ölümündə Furçner də günahkar bilinib. 

Gülayə  Mecid